Azərbaycan və Hindistan XİN rəhbərləri birgə brifinq keçirib - YENİLƏNİB

Azərbaycan və Hindistan XİN rəhbərləri birgə brifinq keçirib - YENİLƏNİB

Azərbaycan və Hindistan əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Bakıda birgə mətbuat konfransı keçiriblər.
SİA xəbər verir ki, konfransda Azərbaycan-Hindistan münasibətlərinin mövcud vəziyyəti, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov bildirib ki, tərəflər arasında son illərdə müəyyən fikir ayrılıqları olsa da, keçirilən görüşdə bu məsələlər açıq və konstruktiv şəkildə müzakirə edilib. Nazir ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldilməsi üçün imkanların olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, Vaşinqton görüşündən sonra əldə olunan irəliləyişlər, Ermənistana müəyyən malların, o cümlədən neft məhsullarının tədarükünə başlanılması, həmçinin azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və mina təhlükəsi müzakirə olunub. Regional münaqişələr, Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsinin təsirləri də diqqət mərkəzində olub.

Ceyhun Bayramov Azərbaycanla Hindistan arasında birbaşa uçuşların başlanmasını insanlar arasında əlaqələrin, turizmin, biznesin və tələbə mübadiləsinin inkişafı baxımından mühüm addım kimi qiymətləndirib. Uçuşların sayının artırılması imkanlarının da müzakirə ediləcəyini bildirib.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar isə iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. O, Hindistan şirkətlərinin Azərbaycanda fəaliyyətinə, xüsusilə enerji sektorunda investisiya imkanlarına diqqət çəkib.

Tərəflər siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlərin artırılması, nəqliyyat, enerji, turizm, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini də nəzərdən keçiriblər.

Nazirlərin çıxışlarında səsləndirilən fikirlər Azərbaycan və Hindistan arasında mövcud fikir ayrılıqlarının dialoq yolu ilə müzakirə olunmasının və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini önə çıxarıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə