“Təzə balıq alarkən onun gözlərinə, qoxusuna və rənginə diqqət yetirmək lazımdır” - QİDA EKSPERTİ

“Təzə balıq alarkən onun gözlərinə, qoxusuna və rənginə diqqət yetirmək lazımdır” - QİDA EKSPERTİ

"Balıq mövsümünün başlaması ilə əlaqədar olaraq bir sıra bazarlarda və marketlərin piştaxtalarında buzun üzərində, dondurucularda və soyuducu şəraitdə balıqların satıldığını müşahidə edirik. Təzə balığı köhnə balıqdan ayırmaq və məhsulun təzəliyini müəyyən etmək üçün ilk növbədə laborator analizlərin nəticələrinə əsaslanmaq lazımdır".

Bu sözləri SİA-ya açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

O, bildirib ki, əgər balıq idxal olunmuş məhsuldursa, xüsusilə də dondurulmuş vəziyyətdə ölkəyə gətirilibsə, idxal sağlamlıq aktına, yerli məhsuldursa, ekspertiza aktına baxmaq lazımdır:

"Bununla yanaşı, təzə balığı köhnə balıqdan ayırmaq üçün bir sıra əlamətlərə diqqət yetirmək vacibdir. İlk növbədə, balığın dərisi təzə və parlaq görünməlidir. Balığın üzərində təbii selikli təbəqənin olması normaldır. Barmağımızla balığın üzərinə basdıqda yaranan çökəklik dərhal bərpa olunmalı, iz qalmamalıdır.

Balığın baş hissəsini qaldırdıqda qəlsəmələrinə diqqət yetirmək lazımdır. Təzə balığın qəlsəmələri qırmızı və ya çəhrayı rəngdə olmalı, xoşagəlməz qoxu verməməlidir. Qəlsəmələr qəhvəyi rəngdədirsə, belə balığı almaqdan və istehlak etməkdən çəkinmək lazımdır.

Balığın gözləri də onun təzəliyini müəyyənləşdirmək üçün vacib göstəricilərdən biridir. Əgər gözlər çuxura düşmüş, bulanıq və tutqun görünürsə, bu, balığın təzəliyini itirməsinin əlaməti ola bilər.

Ən vacib məqamlardan biri də balığın saxlanma şəraitidir. Canlı balıqların satışı zamanı onların aktiv və sağlam vəziyyətdə olmasına diqqət yetirilməlidir. Bununla belə, balığın suya qoyulduqda batması və ya suyun səthinə qalxması onun təzəliyini müəyyən etmək üçün etibarlı meyar deyil. Balığın keyfiyyətini qiymətləndirərkən bir neçə əlamət birlikdə nəzərə alınmalıdır.

Balığın qida dəyərini nəzərə alaraq, istehlak zamanı çay balıqlarına, eləcə də okean balıqlarına, qızılbalığa, forelə və ölkəyə idxal olunan levrek və çupra kimi balıq növlərinə üstünlük vermək olar.

Əsas məsələ balıq seçərkən onun təzəliyinə, qoxusuna, rənginə, gözlərinin və qəlsəmələrinin vəziyyətinə, eləcə də saxlanma şəraitinə diqqət yetirməkdir. Eyni zamanda, balıq məhsullarının mənşəyini təsdiq edən sənədlərlə tanış olmaq və şübhəli görünən məhsulları almamaq tövsiyə olunur".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə