“Aqrar sahədə vahid qanunvericilik bazasının yaradılması vacibdir” - DEPUTAT DANIŞDI

“Aqrar sahədə vahid qanunvericilik bazasının yaradılması vacibdir” - DEPUTAT DANIŞDI

“Azərbaycanın aqrar sektorunda dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi əsas prioritetlərdəndir. Bu baxımdan aqrar sahənin hüquqi bazasının müasir tələblərə uyğunlaşdırılması, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və yeni maliyyələşmə alətlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır”.

Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sektorun potensialının artırılması, istehsal və emal sahələrinin inkişafı, eləcə də kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəldilməsi üçün mühüm hüquqi və iqtisadi əsaslar yaradır. Proqramda nəzərdə tutulan vəzifələrin icrası çərçivəsində aqrar qanunvericiliyin təkmilləşdirilməsi, fermerlərə dəstək mexanizmlərinin genişləndirilməsi və istehsalın səmərəliliyinin artırılması istiqamətində tədbirlər həyata keçirilir.

Komitə sədri bildirib ki, “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi fermerlərin maliyyə resurslarına əlçatanlığının artırılması məqsədilə hazırlanıb. Bu sənəd kənd təsərrüfatı istehsalçılarına istehsal prosesi başlamazdan əvvəl gələcək məhsullarını təminat kimi təqdim etməklə maliyyə vəsaiti və ya istehsal üçün zəruri olan məhsullar əldə etmək imkanı yaradır.

Layihəyə əsasən, məhsul şəhadətnaməsi borclunun kənd təsərrüfatı məhsulunun istehsalı və ya ilkin emalı ilə bağlı öhdəliklərini təmin edən qiymətli kağız kimi müəyyən edilir. O, maliyyə və əmtəə formasında tətbiq oluna bilər. Maliyyə məhsul şəhadətnaməsi çərçivəsində fermer gələcək məhsulun satışından əldə etdiyi vəsait hesabına kreditor qarşısında öhdəliyini yerinə yetirir. Əmtəə məhsul şəhadətnaməsi isə gələcək məhsulun əvvəlcədən müəyyən edilmiş şərtlərlə kreditorun mülkiyyətinə verilməsini nəzərdə tutur.

Tahir Rzayevin sözlərinə görə, məhsul şəhadətnamələrinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə buraxılması sənədləşmə xərclərinin azaldılmasına, əməliyyatların şəffaflığının və izlənilməsinin təmin edilməsinə şərait yaradacaq. Eyni zamanda, məhsul şəhadətnaməsi sahibinə istehsal və ilkin emal prosesini monitorinq etmək hüququnun verilməsi məhsulun keyfiyyətinə nəzarəti gücləndirəcək. Yeni maliyyə aləti fermerlərin mövsümi maliyyə ehtiyaclarının ödənilməsinə, təchizatçıların gələcək məhsul üzrə təminat əldə etməsinə və maliyyə təşkilatlarının aqrar sektorda fəaliyyət imkanlarının genişlənməsinə xidmət edəcək.

Komitə sədri “Aqrar sahə haqqında” qanun layihəsinin də sektorun hüquqi tənzimlənməsində mühüm yenilik olduğunu vurğulayıb. Onun sözlərinə görə, indiyədək aqrar sahənin ayrı-ayrı istiqamətləri taxılçılıq, çayçılıq, pambıqçılıq və kənd təsərrüfatı kooperasiyası ilə bağlı xüsusi qanunlarla tənzimlənib. Lakin müasir dövrdə aqrar sektorun bütün istiqamətlərini əhatə edən, dövlətin vəzifələrini, sahə subyektlərinin hüquq və öhdəliklərini, eləcə də dəstək mexanizmlərini vahid sistemdə birləşdirən baza qanununa ehtiyac yaranıb.

Yeni qanun layihəsi aqrar sahədə dövlət tənzimlənməsinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edir. Sənədin qəbulu ilə bir sıra mövcud qanunların ləğvi, onların aktual müddəalarının isə yeni qanunvericilik aktına daxil edilməsi nəzərdə tutulur. Bu yanaşma hüquqi normaların sistemləşdirilməsinə, idarəetmədə vahid prinsiplərin tətbiqinə və aqrar sahənin inkişaf istiqamətlərinin daha aydın müəyyənləşdirilməsinə imkan verəcək.

Tahir Rzayev diqqətə çatdırıb ki, qanun layihəsində torpaqların qorunması və səmərəli istifadəsi, əkin sahələrinin xırdalanmasının qarşısının alınması, torpaq konsolidasiyası və kooperativləşmənin təşviqi, su ehtiyatlarından qənaətlə istifadə, müasir suvarma sistemlərinin tətbiqi və aqrotexniki tələblərə əməl olunması kimi məsələlər xüsusi yer tutur. Eyni zamanda, bitki növləri və heyvan cinsləri üzrə rayonlaşdırmanın aparılması, aqrar kooperativlərin fəaliyyət imkanlarının genişləndirilməsi və aqrar xidmətlərin qanunvericiliklə sistemləşdirilməsi nəzərdə tutulur.

Komitə sədri bildirib ki, “Aqrar sahə haqqında” qanun layihəsinin əsas məqsədlərindən biri ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirmək, kənd yerlərində məşğulluğu artırmaq, kənddən şəhərə miqrasiyanı azaltmaq, investisiya cəlbediciliyini və ixrac potensialını yüksəltməkdir. Bununla yanaşı, insan resurslarının hazırlanması, bitki və heyvan sağlamlığının qorunması, aqrar iqtisadiyyatın şaxələndirilməsi və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi də əsas istiqamətlər sırasındadır.

O qeyd edib ki, oktyabrın 7-də Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə qanun layihəsinin müzakirəsinə həsr olunan geniş dinləmə keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, mütəxəssislər, elmi müəssisələrin rəhbərləri, ictimai təşkilatların təmsilçiləri və fermerlər iştirak ediblər. Müzakirələr zamanı aqrar sektorun inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi və mövcud problemlərin həlli ilə bağlı təkliflər səsləndirilib.

Tahir Rzayevin fikrincə, aqrar sahədə hüquqi bazanın möhkəmləndirilməsi və müasir maliyyə mexanizmlərinin tətbiqi kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılmasına, məhsuldarlığın yüksəldilməsinə və bazar münasibətlərinin inkişafına töhfə verəcək. Bu tədbirlər, eyni zamanda, kənd əhalisinin rifahının yaxşılaşdırılması, yerli istehsalın genişləndirilməsi və ölkənin ərzaq təhlükəsizliyinin uzunmüddətli təminatı baxımından strateji əhəmiyyət daşıyır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə