“Boşanma statistikasında qadınlar daha çox təşəbbüskar tərəf kimi çıxış edir” -SOSİOLOQ DANIŞDI

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranma dövründən etibarən cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunması əsas prinsip kimi formalaşmışdır”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan ailə modelində ana, bacı, xala, bibi, qaynana və digər qadın obrazları tarixən yüksək mənəvi statusa malik olub, qadına münasibət isə hər zaman hörmət və ehtiram üzərində qurulub.

Onun sözlərinə görə, bu yanaşma təkcə gündəlik sosial həyatda deyil, həm də milli ədəbiyyatımızda və mədəni irsimizdə öz əksini tapıb:

”Qədim türk-Azərbaycan mədəniyyətinin əsas mənbələrindən olan “Kitabi-Dədə Qorqud” dastanında qadın və ana obrazları uca tutulur, ailənin və toplumun dayağı kimi təqdim edilir. Eyni zamanda klassik Şərq ədəbiyyatında qadın adlarının əsərlərin adında yer alması , “Leyli və Məcnun”, “Xosrov və Şirin” kimi nümunələr – qadına verilən dəyərin bariz göstəricisi hesab olunur. Bu faktlar göstərir ki, Azərbaycan sivilizasiyasında insanın dəyəri cinsinə görə deyil, onun mənəvi keyfiyyətləri və qabiliyyətləri ilə müəyyən olunub.

Diqqətəlayiq məqamlardan biri də Azərbaycan dilində qrammatik cins kateqoriyasının olmamasıdır ki, bu da mədəni yanaşmanın dil səviyyəsində ifadəsi kimi qiymətləndirilə bilər. Bu baxımdan, cəmiyyətdə gender balansının tarixi köklərə söykəndiyini demək mümkündür. Avropa ölkələrində gender bərabərliyi daha çox hüquqi və institusional mexanizmlərlə tənzimlənsə də, Azərbaycanda bu anlayış ənənəvi və mental dəyərlər üzərində formalaşıb. Bu mövzu ilə bağlı müxtəlif dövlət rəsmilərinin və parlament təmsilçilərinin çıxışlarında da fərqli yanaşmalar səsləndirilib.

Müasir dövrdə gender bərabərliyi və qadın hüquqlarının qorunması ilə bağlı bir sıra normativ sənədlər mövcuddur. Lakin süni intellekt və rəqəmsal transformasiya şəraitində insanın yalnız cinsiyyət meyarı ilə qiymətləndirilməsi getdikcə aktuallığını itirir. Son illərin sosial-iqtisadi göstəriciləri əmək bazarında işsizlik səviyyəsinin kişilər arasında daha yüksək olduğunu göstərir və bu, əvvəlki dövrlərlə müqayisədə yeni tendensiyanın formalaşdığını ortaya qoyur. Eyni zamanda, iş tapmaq prosesində psixoloji təzyiqlərə daha çox məruz qalan tərəfin kişilər olması da sosial reallıq kimi diqqət çəkir.

Ali təhsil müəssisələrinə qəbul statistikasında qadınların üstünlük təşkil etməsi, onların elm, təhsil və idarəetmə sahələrində fəallığının artması müsbət hal kimi qiymətləndirilir. Bununla belə, bu prosesin balanslı şəkildə davam etdirilməsi vacibdir. Azərbaycanda qadınların ictimai və idarəetmə strukturlarında təmsilçiliyi baxımından ciddi sistemli maneələrin olduğunu demək üçün əsas yoxdur, lakin bəzi sahələrdə yenilənmə və struktur islahatlara ehtiyac olduğu da danılmazdır.

Gender bərabərliyi anlayışı qadınların süni şəkildə üstün mövqeyə gətirilməsi və ya kişilərin hüquqlarının məhdudlaşdırılması kimi başa düşülməməlidir. Əks halda, bu, sosial tarazlığın pozulmasına səbəb ola bilər. Praktikada bəzi hallarda genderə əsaslanan fərqli yanaşmaların müşahidə olunması – qadınlara daha yumşaq, kişilərə isə daha sərt münasibət göstərilməsi , hüquqi bərabərlik prinsipinin tətbiqində mübahisəli məqamlar yaradır.

Boşanma statistikasında qadınların daha çox təşəbbüskar tərəf kimi çıxış etməsi də gender münasibətlərinin dəyişən dinamikasını göstərir. Ümumilikdə isə Azərbaycan cəmiyyətində qadın və ana obrazına verilən mənəvi dəyər bir çox Qərb ölkələrində hüquqi mexanizmlərlə tənzimlənən münasibətlərdən fərqli olaraq, tarixi-mədəni şüurun tərkib hissəsi kimi formalaşıb. Buna görə də gender bərabərliyi məsələsinə milli mentalitet, sosial reallıqlar və tarixi kontekst nəzərə alınaraq yanaşılması daha məqsədəuyğun hesab edilir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə