Müasir dövrdə reklam cəmiyyətdə məlumatlandırma, təbliğat və istehlak davranışına təsir göstərən ən güclü vasitələrdən birinə çevrilmişdir. Reklamın əsas məqsədi məhsul və ya xidmətin tanıdılması olsa da, bəzən bu prosesdə etik və hüquqi prinsiplər pozulur. Xüsusilə, uşaqların reklam obyekti kimi istifadə olunması son illərdə geniş müzakirə mövzusuna çevrilib.
Uşaqlar cəmiyyətin ən həssas və müdafiəsiz təbəqəsini təşkil etdiklərinə görə, onların kommersiya maraqları naminə istismarı həm mənəvi, həm də hüquqi baxımdan qəbuledilməzdir. Reklam vasitəsilə uşaqların duyğularına, təmiz düşüncələrinə və psixoloji həssaslıqlarına təsir göstərmək, müəyyən məhsul və ya xidmətin təbliğinə alət etmək, gələcək nəsillərin dəyərlərinə zərbə vurur.

Məsələyə münasibət bildirən hüquqşünas, vəkil Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, uşaqların hüquqları “Uşaq hüquqları haqqında Qanun”, ölkəmiz tərəfindən ratifikasiya olunmuş “Uşaq hüquqları haqqında Bəyannamə” və “Reklam haqqında Qanun”la qorunur: "Bu hüquqi sənədlərə görə, uşaqların birbaşa iradəsinə zidd olan, onların razılığı olmadan həyata keçirilən bütün reklam fəaliyyətləri və davranışlar yolverilməz hesab olunur.
Qanunvericilik baxımından körpə uşaqların iradəsi onların valideynləri tərəfindən təmsil olunsa da, gələcəkdə həmin uşaqlar yetkinlik yaşına çatdıqda, öz hüquqlarının pozulması ilə bağlı iddia qaldırmaq hüququna malik olurlar. Burada diqqətəlayiq məqam odur ki, bəzi kommersiya subyektləri uşaqları reklam vasitəsi kimi istifadə etməklə, cəmiyyətə müəyyən mesaj ötürməyə çalışırlar. Məsələn, konkret bir qida məhsulunun və ya xidmətin uşaqların sağlamlığı və mənəvi inkişafı üçün faydalı olduğu barədə təsəvvür yaradaraq, əslində gizli maraqlarını həyata keçirmək məqsədi güdürlər. Bu baxımdan “Reklam haqqında Qanun”un 12-ci maddəsi yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsini təmin edir və uşaqların istismarına yönəlmiş reklam fəaliyyətini qəti şəkildə qadağan edir. Həmçinin, “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq müddəalarına əsasən, reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur".

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli isə deyib ki, uşaqların reklam vasitəsi kimi istifadəsi yalnız etik baxımdan deyil, həm də hüquqi cəhətdən yolverilməzdir: "Bu, həm uşaqların fiziki və mənəvi təhlükəsizliyinin qorunması, həm də cəmiyyətin sağlam mənəvi dəyərlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Uşaqların reklamlarda istifadəsinə dair müəyyən hüquqi və etik məhdudiyyətlər mövcuddur. Bu məhdudiyyətlərin məqsədi uşaqları istismardan, mənfi psixoloji və sosial təsirlərdən qorumaqdır. Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununa əsasən, uşaqlar reklam vasitəsi ilə istismar edilə bilməzlər. Yaşlarına uyğun olmayan məhsulların, məsələn, spirtli içkilərin, tütün məhsullarının, qumar oyunlarının, silah istifadəsinin reklamında çəkilə bilməzlər. Reklamlarda uşaqlara təhlükəli hərəkətlərin təlqin edilməsi və ya belə hərəkətlərin normal kimi təqdim edilməsi qadağandır və sair. Bu məsələ yerli qanunvericiliklə yanaşı, beynəlxalq konvensiyalarda da öz əksini tapıb. BMT-nin Uşaq Hüquqları Konvensiyasında qeyd edilir ki, reklam və media vasitəsilə uşaqların emosional və mənəvi rifahına zərər vurmaq yolverilməzdir. Reklamlar uşaqların psixologiyasına zərər verə, onlarda qorxu, aqressiya və ya özünə güvənsizlik yarada bilməz. UNICEF və UNESCO standartlarına görə, reklamlarda uşaqlar sadəcə məhsulu nümayiş etdirmək üçün deyil, həm də təhlükəsiz, real və tədris yönümlü şəkildə göstərilməlidir. Reklam ailə dəyərlərinə və təhsil məqsədlərinə zidd olmamalıdır. Məktəbli, azyaşlı və ya körpə obrazı reklamda emosional təsir məqsədilə istifadə edilirsə, bu, həm də etik pozuntu sayılır.
Uşaqların reklamda çəkilməsi üçün ciddi şərtlər mövcuddur. Belə ki, reklama çəkmək üçün uşaq və valideynin razılığı olmalıdır. Çəkiliş vaxtı uşağın təhlükəsizliyi və rahatlığı təmin edilməlidir. Reklam yalana əsaslanmamalı, uşağı manipulyasiya etməməlidir. Təəssüf ki, bu gün çəkilən və efirə verilən reklamların bir çoxunda bu prinsiplərin pozulduğunu müşahidə etmək mümkündür”.
Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB