"Böyük Qayıdışın növbəti mərhələsində investisiya imkanları genişlənəcək" - POLİTOLOQ

"Böyük Qayıdışın növbəti mərhələsində investisiya imkanları genişlənəcək" - POLİTOLOQ

"Düşünürəm ki, Böyük Qayıdış proqramının növbəti mərhələsinin əsas xüsusiyyəti “infrastrukturun qurulması” mərhələsindən “dayanıqlı yaşayış və iqtisadi fəaliyyət” mərhələsinə keçidin sürətlənməsi olacaq. Hazırda qarşıda duran əsas vəzifələr yeni yaşayış məntəqələrinin tikintisi ilə yanaşı, insanların həmin ərazilərdə uzunmüddətli və rahat həyatını təmin edən məktəb, xəstəxana, kommunal xidmət, nəqliyyat və digər sosial infrastrukturu genişləndirməkdir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, rəsmi sənədlərdə də təhlükəsiz yaşayış, dayanıqlı icmaların yaradılması, məşğulluğun təmin edilməsi və ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası əsas istiqamətlər kimi müəyyənləşdirilib:

"Burada məşğulluq və özəl sektorun inkişafı xüsusi əhəmiyyət daşıyır. Çünki qayıdışın davamlı olması yalnız mənzillərin təqdim edilməsi ilə deyil, insanların öz doğma yaşayış məntəqələrində işləmək və gəlir əldə etmək imkanlarının formalaşması ilə bağlıdır. Sənaye zonalarının, aqrar istehsalın, xidmət, turizm, tikinti və logistika sektorlarının inkişafı bu baxımdan mühüm rol oynayacaq. Dövlətin artıq investisiyaların və sahibkarlığın təşviqi üçün müxtəlif mexanizmlər tətbiq etməsi də bu istiqamətdə fəaliyyətin sürətlənəcəyini deməyə əsas verir.

Digər mühüm istiqamət kənd təsərrüfatının iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsidir. Qarabağ və Şərqi Zəngəzurun böyük kənd təsərrüfatı potensialının reallaşdırılması üçün su təminatı, müasir suvarma texnologiyaları və məhsuldarlığın artırılması xüsusi əhəmiyyət daşıyır.

Şübhəsiz ki, bu prosesin təsiri yalnız iki iqtisadi rayonla məhdudlaşmayacaq. Yeni yolların, enerji və kommunikasiya xətlərinin, logistika imkanlarının və istehsal müəssisələrinin yaradılması Azərbaycanın digər bölgələri ilə iqtisadi əlaqələri də gücləndirəcək. Eyni zamanda yeni iş yerlərinin yaranması regionlararası iqtisadi fəallığın və investisiya imkanlarının genişlənməsinə şərait yarada bilər.

Əlamətdar məqam ondan ibarətdir ki, 2027–2030-cu illər üçün Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması artıq növbəti mərhələnin ayrıca dövlət siyasəti çərçivəsində davam etdiriləcəyini göstərir. Sərəncamda dayanıqlı məskunlaşma və məşğulluqla yanaşı, özəl və xarici investisiyaların cəlbi, biznes mühitinin inkişafı və iqtisadiyyatın texnoloji imkanlarının gücləndirilməsi də qarşıdakı dövrün məqsədləri sırasında göstərilir.

Beləliklə, Böyük Qayıdışın yeni mərhələsində əsas meyar öz yurdlarına qayıdan insanlar üçün dayanıqlı və məhsuldar həyatın qurulması olacaq. Bu isə Qarabağ və Şərqi Zəngəzurun tədricən bərpa olunan ərazilərdən Azərbaycanın iqtisadi və sosial inkişafının fəal mərkəzlərindən birinə çevrilməsininə imkan verəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə