Diaspora dair Birgə Fəaliyyət Planı qəbul olunub

Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin 7-ci iclası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Macarıstanın Baş Nazirinin Ofisinin Xaricdə Yaşayan Macar Birlikləri üzrə Dövlət Katibi Lörinc Nacsanın moderatorluğu ilə keçirilən iclasda TDT-nin baş katibi Kubançıbek Omuraliyev, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbərinin müavini Murat Kazancı, Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya nazirinin müavini Bakyt Darmankul uulu, Özbəkistanın Millətlərarası Münasibətlər və Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Komitəsinin sədri Kahraman Sarıyev və Qazaxıstanın “Otandastar Fondu”nun prezidenti Daniyar Kadırov iştirak ediblər.

Görüşdə TDT-yə üzv ölkələrin xaricdəki icmalarının hazırkı vəziyyəti və əməkdaşlıq imkanları geniş müzakirə olunub, koordinasiyanın gücləndirilməsi, ortaq hədəflər kimi vacib məqamlar diqqət mərkəzində olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələrin son dövrlərdə daha da intensivləşdiyini vurğulayıb. Bildirib ki, TDT çərçivəsində qəbul olunan Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına uyğun olaraq həyata keçirilən ikitərəfli və çoxtərəfli görüşlər, müxtəlif proqramlar, forumlar və təşəbbüslər ölkələr arasındakı əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə mühüm töhfə verir.

TDT-yə üzv dövlətlərin təmsilçiləri təcrübələrini bölüşüb, əməkdaşlıq imkanları, xaricdəki icmaların yayılma arealı və ölkələrimizi təmsil etmə potensiallarına diqqət çəkib, bundan sonrakı fəaliyyətin də ortaq strategiyalar əsasında həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Sonra DİDK tərəfindən hazırlanan və TDT çərçivəsində əməkdaşlığın nəticələrini əks etdirən videoxülasə nümayiş olunub.

İclasda 2026-cı il üçün “Diaspora üzrə Birgə Fəaliyyət Planı” qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə