Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Misirin Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında tədbir keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Qalyubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə, Azərbaycan səfiri Elxan Poluxov, Misirdəki Azərbaycan icmasının rəhbəri Seymur Nəsirov, eləcə də Misir Senatının bu vilayətdən olan üzvləri, Bənhə şəhərinin meri, Azərbaycan icmasının üzvləri, yerli mətbuat nümayəndələri və ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları xalqımızın Ümummilli Liderinin əziz xatirəsini ehtiramla yad edərək onun heykəli önünə gül dəstələri qoyub, Misir-Azərbaycan Dostluq Parkında yerləşən kitabxanada Ulu Öndər Heydər Əliyevə və Azərbaycana həsr edilmiş materiallarla tanış olublar.
Burada çıxış edən səfir Elxan Poluxov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb, ötən il “Heydər Əliyev İli" çərçivəsində Misirdə keçirilən silsilə tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, ötən il Misirdə Ulu Öndərin 100 illiyi münasibətilə onun mənalı ömür yoluna, dövlətçiliyimiz uğrunda apardığı mübarizəsinə işıq salan kitab nəşr edilib. Səfir Azərbaycan-Misir əlaqələrinin perspektivləri və bu istiqamətdə atılan addımlardan da bəhs edib, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin ötən il Azərbaycana və Prezident İlham Əliyevin isə bu ilin iyununda Misirə səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. E.Poluxov, həmçinin Misirin Baş nazirinin rəhbərliyi ilə böyük nümayəndə heyəti ilə Bakıda keçirilən COP29 tədbirlərində iştirakına toxunub.
Qalyubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək əlaqələrin inkişafında Heydər Əliyevin xüsusi rol oynadığını, buna görə də onun Misirdə həmişə xoş xatirələrlə yad edildiyini vurğulayıb. Qalyubiyyə vilayəti ilə Abşeron rayonunun qardaşlaşmış regionlar olduğunu xatırladan qubernator ölkələrimiz arasında əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu qeyd edib. Qubernator söhbətində Bənhə Universitetində Azərbaycan dili bölməsinin açılmasını təklif edib. Eyni zamanda, qubernator COP29 konfransının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Misirin də COP-a ev sahibliyi etdiyini xatırladaraq, ölkələrimizin bu işdə eyni yolu getdiyini diqqətə çatdırıb.
E.Poluxov Bənhə universitetində Azərbaycan dili bölməsinin təşkil edilməsinə səfirliyin dəstək göstərməyə hazır olduğunu bildirib.
Tədbir əsnasında Misirdə bu il Şuşa haqqında işıq üzü görən kitab hədiyyə edilib.
Sonda tədbir iştirakçıları parkda yerləşən kitabxanada Azərbaycana aid guşə və misirli uşaqların Azərbaycan və Ümummilli Lider Heydər Əliyevə həsr etdikləri rəsm sərgisi ilə tanış olublar.
Azərbaycan səfiri və Qalyubiyyə vilayətinin qubernatoru yerli mediaya müsahibələr veriblər. Tədbir bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə