Beynəlxalq səyahətçilər Azıx mağarası ilə tanış olub - FOTOLAR

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupu Azıx mağarası ilə tanış olublar. SİA xəbər verir ki, turistlərə bu nadir arxeoloji abidənin – ən qədim yaşayış yerlərindən biri olan ərazinin tarixi haqqında məlumat verilib.

Azıx mağarası 14 km. Füzuli şəhərindən şimal-qərbdə, Azıx kəndi yaxınlığında, Quruçay çayının sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdədir.

Səyyahlar Qarabağda və Şərqi Zəngəzurda üçgünlük səfərdədirlər.

Qeyd edək ki, Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100–120 metr yuxarıda, Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir.

Səyahətçilər qrupu fevralın 4-6-da azad edilmiş ərazilərdə səfərdə olacaq. Heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.

Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Bu səfərlər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə