Rusiyalı zənginlərin sayı azalıb

Bu gün Rusiyada ultra hinet, yəni şəxsi varidatı 30 milyon dollardan çox olan insanların sayında azalma müşahidə edilməkdədir. Belə ki, bu ilin ilk ayında aparılan sorğuya görə, onların sayı təqribən min nəfərə qədər azalaraq, 8015 nəfər təşkil edib.

SİA bu barədə xarici mətbuatın xülasəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu il zənginlərin ən böyük artımı Çində olub.

Yeri gəlmişkən xatırladaq ki, bu gün planetimizdə 30 milyon dollardan artıq kapitalı olan 521 653 insan yaşayır. Mütəxəssislər önümüzdəki beş il ərzində onların sayının artaraq 663.483 nəfərə çatacağını proqnozlaşdırırlar.

Bundan əlavə, analitiklər, 2025-ci ilə qədər Rusiyada da super varlıların arta biləcəyini istisna etmirlər. Məsələn, onlar rus varlılarının sayının artaraq 10.346 nəfərə çatacağını ehtimal edirlər.

Bu günlərdə varlılar arasında aparılan sorğunun nəticələrinə görə, hazırda dünyadakı varlıların əksəriyyəti yaşanan pandemiya, ayrı-ayrı dövlətlərin yürütdüyü siyasət və vergi tənzimləmələrindən çox narahatdırlar.

Onu da xatırladaq ki, bu gün Rusiyadakı ən varlı şəxslərin ümumi sərvəti bu ilin yanvarında 1,37 milyard dollar artıb. Belə ki, “Norilsk Nikel”in əsas sahiblərindən biri olan Vladimir Potaninin kapitalı 704 milyon dollar artıb. Maraqlıdır ki, “Novatek” şirkətinin ortaq sahibi Leonid Mixelson reytinqdə ikinci yeri tutsa da, onun sərvəti 403 milyon dollar azalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə