Dəvələr koronavirusu müalicə edəcəklər

Koronavirus infeksiyasına yoluxmuş insanların bəziləri peyvənd olunmasına baxmayaraq, belə görünür ki, hələ də yeni təsirli dərmanların hazırlamasına ehtiyac var. Bəli, ehtiyac var. Amma maraqlıdır ki, hazırlanan dərmanların bəzilərinə insanlar hələ də inamsızlıq nümayiş etdirirlər. Bu arada qətərli mikrobiologiya və immunologiya üzrə professor Lotfi Şoşan da koronavirus xəstələrinə qarşı effektiv dərman tapdığını bəyan edib. Belə ki, onun iddiasına görə, xəstəliyin həll yolu təkburnalı dəvələrdədir.

SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Şoşan dəvələrin koronavirus infeksiyasının müalicəsində kömək edə biləcək potensial terapevtik antikor mənbəyi olduğunu iddia edir.

Maraqlıdır ki, xəstəliyə qarşı bir neçə peyvəndin kəşf olunmasına baxmayaraq, qətərli professor dünyada bu xəstəliyin hələ də təsirli bir şəkildə müalicə edilmədiyini bildirir. Onun fikrincə, gələcəkdə koronavirusların "yeni növləri"nin meydana gəlməyəcəyinə hələ ki, heç kim zəmanət verməyib. Bütün bunları əsas kimi gətirən Şoşan xəstəliyin həll yolunun təkburnalı dəvələrdə olduğuna inanır.

"Dəvələrdəki monoklonal antikorlar çox miqdarda istehsal olunur və adi antikorların məhv edə bilmədiyi viruslara yoluxur".

Qətərli professor koronavirusun 2002-ci ildə şiddətli kəskin tənəffüs sindromundan (SARS), 2012-ci ildə isə Yaxın Şərq tənəffüs sindromundan (MERS) üç dəfə daha tez yayıldığını xatırladır. Hər iki virusu koronavirusun alt ailəsinə aid edən Lotfi Şoşan bunların insanlara yarasalardan keçdiyini iddia edir. Onun fikrincə, təkburnalı dəvə MERS virusunun yeganə ara sahibidir.

Virusla mübarizə aparmaq üçün müəyyən bir nisbətdə antikor istifadə etdiklərini bildirən professor təkburnalı dəvələrin istehsal etdiyi antikorların quruluşlarına görə insan bədəni tərəfindən istehsal olunan antikorlara bənzədiyini bildirir: "...Bu səbəbdən müalicəyə mənfi bir immun reaksiya gözləmirik".

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə