Hyundai və Kia işçilərinə DeepSeek istifadə etməyi qadağan edir

…Koreya şirkətləri öz ofis işçiləri üçün Çin süni intellektinin (AI) DeepSeek istifadəsinə tam qadağa qoyduqlarını elan ediblər.

Daxili auditlər DeepSeek-in istifadəsi ilə bağlı yüksək məlumat sızması riskini müəyyən edib. Şirkətlər strateji inkişaflar və biznes planları da daxil olmaqla məxfi məlumatların üçüncü şəxslərin, o cümlədən Çinin dövlət qurumlarının əlinə keçə biləcəyindən ehtiyat edirlər.

Qlobal rəqabət və texnologiya təhlükəsizliyi sahəsində artan gərginlik şəraitində Hyundai Motor Group korporativ məlumatların qorunmasını gücləndirmək üçün tədbirlər görüb.

SİA-nın məlumatına görə, qadağa Hyundai və Kia-dan başqa, əsas törəmə şirkətlərə də təsir edib: Hyundai Mobis, Hyundai Wia, Hyundai Glovis və Hyundai Transys.

Oxşar tədbirlər Hyundai Motor Group-un xaricdəki ofislərində tezliklə tətbiq olunacaq və bu, şirkətin kibertəhlükəsizliklə bağlı qlobal narahatlığını vurğulayır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə