"Təhlükə hələ də davam edir" DEPUTATDAN AÇIQLAMA

“Ölkə başçısının göstərişinə əsasən koronavirus təhlükəsinin azaldılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Bir sıra dövlət xəstəxanaları koronavirus xəstələrinin müalicəsi üçün səfərbər edilib. Bundan əlavə, müasir tipli xəstəxana vaxtından əvvəl istifadəyə verilib. Qısa bir müddətdə Bakıda, bölgələrdə modul tipli xəstəxanalar tikildi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, koronavirusa qarşı peyvənd hazırlanıb istehsala başlandıqdan sonra bütün dünyada yeni bir qlobal problem ortaya çıxdı: “Dünya əhalisi arasında vaksin çatışmazlığı problemi yarandı. Bəzi böyük və inkişaf etmiş ölkələr öz əhalisinin sayından çox vaksin sifariş verib aldılar. Yoxsul az inkişaf etmiş dövlətlərin əhalisinin sağlamlığı təhlükə altına alındı. Bu problemlə əlaqədar bilirsiniz ki, Prezident cənab İlham Əliyev Qoşulmama hərəkatı təşkilatının sədri kimi BMT -nin xüsusi sessiyasında çıxış edərək bütün dünya ölkələrini ədalətli olmağa dəvət etdi”.

Deputat sözlərinə belə davam edib: “Ölkəmiz ümumiyyətlə, daima "Covid 19"-a qarşı beynəlxalq mübarizədə mühüm addımları ilə seçilib. Azərbaycan üzv olduğu beynəlxalq qurumlarda üzv dövlətlərə çox diqqətlə yanaşıb. Azərbaycan hər zaman dünyada koronavirusla mübarizədə peyvənd millətçiliyinə qarşı çıxışlar edib. BMT-nin insan hüquqları şurasında Azərbaycan qoşulmama hərəkatı adından ölkələr arasında peyvəndlərin bərabər bölünməsinin təmin edilməsi üçün qətnaməni irəli sürüb və 2021-ci ilin martında bu qətnamə yekdilliklə qəbul edilib. Bununla da Azərbaycan bir daha bərabərliyin, ədalətin tərəfdarı olduğunu bütün dünyaya nümayiş etdirib”.

“Ümumiyyətlə, Azərbaycan dünyada humanitar missiya icra edən dövlət kimi böyük rəğbət qazanıb. "Covid-19" ilə mübarizə çərçivəsində ölkəmiz Qoşulmama hərəkatına üzv dövlətlər də daxil olmaqla 30-dan çox ölkəyə yardım edib və dünyanı cənginə almış koronavirus xəstəliyi ilə əlaqədar Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə edib”.

“Bu yaxınlarda da bildiyiniz kimi ölkəmiz Özbəkistan və Qırğızıstana koronavirusa qarşı vaksin hədiyyə edib. Yəni, bütün bunlar hamısı bir daha Azərbaycanın dünyada həm də humanitar bir ölkə olduğunu sübut edib. Onu da qeyd edim ki, xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlər qaldırılsa da hələ də təhlükə qalmaqdadır. Ona görə də yenə də vətəndaşlarlmıza üzümü tuturam, onlara müraciət edirəm ki, bizim yeganə çıxış yolumuz peyvəndləmədədir. Ona görə də bütün insanlar bir-birinin, cəmiyyətimizdəki vətəndaşlarımızın sağlamlığı naminə Operativ Qərargah tərəfindən verilən qərarlara və tövsiyələrə ciddi əməl etməli və vaksinləşməlidirlər. Yalnız və yalnız bu yolla biz koronavirusa qalib gələ bilərik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə