"Delta" ştammı hansı yaş qrupuna daha çox təsir edir? - ARAŞDIRMA

Dünya təxminən iki ildir ki, koronavirusla mübarizə aparır və ümumi gündəm mövzusu olmağa davam edir. Covid-19 pandemiyasına 200 milyona yaxın insan yoluxub və virusdan ölənlərin sayı 4 milyonu ötüb. Qlobal hala gələn virusun qarşını almaq və müalicəsini tapmaq üçün çoxsaylı araşdırmalar aparılır. Nəticədə bir çox ölkə və şirkət tərəfindən peyvənd hazırlanmışdır. Lakin son zamanlar koronavirus variantları ilə gündəmdədir. İlk dəfə Hindistanda görülən və “Delta” adlanan koronavirus növü bütün dünyaya yayılmağa və xəstəlik sayını artırmağa davam edir. Yoluxmanın azalmasına görə, pandemiya tədbirlərini sadələşdirən bir çox ölkə məhdudiyyətləri bərpa etməyə qərar verib. Çünki, bu variant orijinal virusdan daha çox yoluxucudur. "Delta" variantı üzərində saysız-hesabsız təcrübələr aparılır. İngiltərədə aparılan araşdırmalar nəticəsində "Delta" variantının ən çox təsir etdiyi yaş qrupu məlum olub. Araşdırma 100 min yoluxmanı tədqiq ediblər və sözügedən variantdan ən çox təsirlənən yaş qrupu aşkar olunub. "Delta" ştammı diaqnozu qoyulan xəstələrin böyük əksəriyyəti 50 yaş və altındadır. Tədqiqatçılar "Delta"nın hər yaş qrupundan olan insana yoluxa biləcəyini qeyd ediblər.

"Delta"nın əlamətləri nədir? Digər ştammılardan fərqi var?

Koronavirus virusunu araşdıran elm adamları yeni simptomları açıqlayıblar. Bəzi simptomlar siyahıdan çıxarılıb, "Delta" variantından sonra bəziləri də əlavə edilib. İngiltərədəki qabaqcıl təhsil müəssisələrindən biri olan London Kral kollecinin alimləri, xəstəliyin “indi fərqli davrandığını” vurğulayıblar. Alimlər, may ayının əvvəlindən sürətlə yayılan Hindistan variantının simptomların dəyişməsinin səbəbi ola biləcəyinə inanırlar. Araşdırmaya görə, "Delta" variantında daha az insan dad duyğusunu itirir və indi yoluxmuş gənclərdə daha soyuq simptomlar göstərilir. Məlumatlara görə, qoxu itkisi olaraq da bilinən "Anosmia" artıq ən çox görülən 10 simptom arasında deyil.

İngilis professor Tim Spektor bildirib ki, soyuqdəymə olduğunu düşünən insanların virusun mümkün yayılmasının qarşısını almaq üçün müayinədən keçmələri lazımdır: "İnsanlar bunun mövsümi bir soyuq olduğunu düşünürlər. Ancaq bu səhvdir və bu səbəbdən bir çox insanın fərqinə varmadan virusu yayırlar. May ayının əvvəllərindən bəri ən vacib simptomlara baxırıq və bunlar əvvəlki kimi özünü biruzə verən simptomlar deyil. Baş ağrısı birincidir, ardından boğaz ağrısı, burun axıntısı və hərarətlə özünü göstərir. Bütün bunlar köhnə klassik əlamətlər deyil”.

Araşdırmalar aparılmalı və simptomlar siyahısına əlavələr edilməlidi. "Delta" variantı gənc xəstələrdə sanki daha şiddətli bir soyuqdəymə kimi hiss edilir.

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı: "Koronavirusun "Delta" ştammı daha yoluxucudur. Görüləcək tədbirlər sırasında çox böyük fərq yoxdur. İlk olaraq peyvənd vurdurmaq, ikincisi, gigiyenik qaydalara əməl etmək lazımdır".

Baş ağrısı və öskürək ən çox özünü göstərən əlamətlərdir. Virusa qarşı müsbət müayinə keçirən insanların təxminən 53%-də heç bir simptom görülmədiyi ortaya çıxıb.

“Zoe Covid Symptom Study” araşdırma mərkəzi "Delta" variantına yoluxan şəxslərdə əsasən 4 əsas simptomu müəyyən edib. Mərkəzin verdiyi açıqlamada baş ağrısı, burun axıntısı, asqırma və boğaz ağrısı şikayətlərinin olduğu vurğulanıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə