Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

30 sentyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, mütəxəssislər Şəhla Mirzəzadə və Azad Əhmədov, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva və Sanitar-Karantin Xidmətinin mütəxəssisi Vüsalə Ağayeva Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 20 illik yubileyinə həsr olunmuş “Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfransda iştirak ediblər.
Konfransın rəsmi hissəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxış edərək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzini 20 illik yubileyi münasibətilə təbrik edib. O, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ötən 20 il ərzində ölkəmizdə ictimai səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına və xəstəliklərin profilaktikasına mühüm töhfələr verdiyini qeyd edib.
İdarə rəisi Ceyhun Məmmədov İSİM-in profilaktik tədbirlərin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, əhalinin sağlamlıqla bağlı maarifləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması, eləcə də müasir elmi yanaşmaların səhiyyə praktikasına tətbiqində mühüm rolunu vurğulayıb və İSİM-in kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayaraq, mərkəzin ölkəmizdə ictimai səhiyyənin inkişafı istiqamətində fəaliyyətinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov çıxış edərək İctimai Səhiyyə və İslahatlar Mərkəzinin kollektivini 20 illik yubileyi münasibətilə təbrik edib, mərkəzin ötən dövr ərzində ölkəmizdə ictimai səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunmasına verdiyi mühüm töhfələri qeyd edib.
Elmi-praktik konfrans çərçivəsində ictimai səhiyyə sahəsində mövcud vəziyyət, qarşıda duran çağırışlar və gələcək hədəflər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirdə müxtəlif səhiyyə müəssisələrinin nümayəndələri, mütəxəssislər və ekspertlər iştirak edərək aktual məsələlərə dair məruzələrlə çıxış ediblər. Konfrans səhiyyə sahəsində çalışan mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması, müasir yanaşmaların müzakirəsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma olub.
Tədbirdə Səhiyyə Nazirliyi İctimai səhiyyə və İslahatlar Mərkəzinin ilk direktoru olmuş, Mərkəzə 2006-2018-ci illərdə uğurla rəhbərlik etmiş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova Azərbaycanda ictimai səhiyyənin inkişafına verdiyi töhfəyə görə xatirə hədiyyəsi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə