Azərbaycan xalqı heç vaxt öz ləyaqət hissini itirməyib - DEPUTAT ŞƏRH ETDİ

"2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktı erməni terrorizminin qaniçən, qəddar simasının təzahürlərindən biridir. Günahsız insanların, gənclərin Ermənistanın xüsusi xidmət orqanları ilə işbirliyində olduğu ehtimal edilən Mardin Qumaşyan tərəfindən ələ alınmış terrorçu tərəfindən qətlə yetirilməsi tarix boyu erməni faşizminin azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qətliamları, soyqırım aktlarını xatırladır. Bu baxımdan, erməni terrorizminin mahiyyətinin tarixin bütün dövrlərində eyni olduğunu deyə bilərik". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.
Onun sözlərinə görə, ADNA terrorunun və xalqımıza qarşı həyata keçirilən neçə-neçə terror aksiyasının, qətliamın, soyqırım aktlarının qisasını Azərbaycan Ordusu döyüş meydanında və ləyaqətlə aldı: "Bizi bir xalq kimi ermənilərdən fərqləndirən cəhətlərdən biri də budur. Biz heç bir halda və heç bir şəraitdə ləyaqət hissimizi itirmirik".

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında erməni terrorizmini, faşizmini darmadağın etdi və xalqımızın terror təhdidi qarşısında geriyə çəkilməyəcəyini, öz haqqı uğrunda sonuna qədər mübarizə aparacağını bir daha sübuta yetirdi: "Buna baxmayaraq, biz ermənilərin bu vəhşi simasını və terror, qətliam, soyqırım aktlarının qurbanlarını heç zaman unutmamalı, daim ayıq-sayıq olmalıyıq. ADNA terrorunun qurbanlarına Allahdan rəhmət diləyir, doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə