ADNA-da baş verən terror siyasi xarakter daşıyırdı - DEPUTAT AÇIQLAMA VERDİ

"2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror hadisəsi çox ciddi bir məsələ idi. Buna yalnız iki nəfər gürcü əsilli azərbaycanlının törətdiyi bir hadisə kimi baxmaq olmaz". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, həmin vaxtlar Azərbaycan dövləti öz siyasətində uğurlu addımlar atırdı: "Bu isə bir sıra qonşu dövlətlərin xoşuna gəlmirdi. Hesab edirəm ki, bu, əslində siyasi terror idi. Vaxtilə Ermənistanın təsiri altında metroda baş verən partlayış kimi bu hadisənin də şəxsi məsələ olduğunu düşünmürəm. Bütün bu illər ərzində bu terrorun şəxsi məsələ olduğu ilə bağlı heç bir açıqlama verilməyib".

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, belə bir ciddi hadisə ilə Azərbaycan cəmiyyətinin gözü qorxudulur, dövlətə hədə-qorxu gəlinirdi: "Artıq dövlətimiz kifayət qədər möhkəmlənib. Bu cür terror hadisələrinin qarşısını almağa qüdrətimiz var. Ölkəmizdə illərdir ciddi təhlükəsizlik sistemləri mövcuddur. Əgər Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biri olmasa idi, 44 günlük müharibə dövründə də bu cür terror hadisələrini törətməyə cəhd edərdilər. Azərbaycan dövlətinin ayıq-sayıqlığı nəticəsində bu baş tutmadı".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə