“Bakı Hərrac Mərkəzi”nə yeni direktor

“Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi” MMC-yə yeni direktor təyin olunub. SİA xəbər verir ki, bu, Kamil Oqtay oğlu Nəcəfovdur.

Bu təyinat hərracların təşkilində və icrasında peşəkarlığın artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biridir.

K.Nəcəfov 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Milli Aviasiya Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr və magistr dərəcələri əldə edib, 2008-2009-cu illərdə ABŞ-ın “University of Southern Maine” universitetində ixtisasartırma proqramını uğurla tamamlayıb.

O, 2012-2023-cü illərdə “Caspian Cargo” şirkətində gömrük üzrə nümayəndə, 2023-cü ildən isə “Prologistic” şirkətinin direktoru vəzifələrində çalışıb.

“Bakı Hərrac Mərkəzi” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Mərkəz fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif dövlət qurumları, o cümlədən Vergilər Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Əmanətlərin Sığortalanması Fondu, “AzerGold” QSC və müxtəlif bankların sifarişlərini icra edib, eyni zamanda, Ədliyyə Nazirliyinin yerli icra qurumlarının məhkəmə qərarlarının icrası ilə bağlı hərracların təşkili və keçirilməsini təmin edib, müxtəlif növ əmlakların satışını təşkil etmək məqsədilə fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında yüksək peşəkarlıqla hərraclar təşkil edib.

K.Nəcəfovun rəhbərliyi ilə mərkəzdə yeni imkanların yaradılması, iş proseslərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü işlər aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə