Yüksək balla qəbul olan tələbə niyə məzun ola bilmir? - EKSPERT AÇIQLADI

Yüksək balla qəbul olan tələbə niyə məzun ola bilmir? - EKSPERT AÇIQLADI

Azərbaycanda ötən il 500-700 balla ali məktəblərə qəbul olunan tələbələrin bir hissəsinin məzun ola bilməməsi ali təhsil sistemi ilə bağlı yeni müzakirələr yaradıb. Mütəxəssislər hesab edir ki, təkcə qəbul mərhələsi deyil, universitetdə təhsilin keyfiyyəti və tələbələrin motivasiyası da diqqət mərkəzində olmalıdır. Dünyada fərqli ali təhsil modelləri tətbiq olunur və bu baxımdan Azərbaycanda da dəyişikliklərin mümkünlüyü müzakirə edilir. Bəs mövcud ali təhsil modeli bugünkü tələblərə cavab verirmi? Hazırkı ali təhsil modelini necə qiymətləndirirsiniz? Problem daha çox qəbul sistemindədir, yoxsa universitetdə tədris prosesində?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda ali təhsil modeli dünya təhsil modelindən kifayət qədər fərqlənir və müəyyən mənada geri qalır:

"Bunun əsas səbəbləri və vacib elementləri bir-biri ilə əlaqəlidir. Məsələn, ali təhsil müəssisələrinə qəbul abituriyentlərin maraq və istəklərinə uyğun qurulmur. Onlar qruplara bölünür və qruplara uyğun seçdikləri ixtisaslar bəzən onların maraq dairəsinə uyğun gəlmir. Buna görə də bəziləri təhsilini yarımçıq qoyur, daha doğrusu, seçdikləri ixtisas üzrə fəaliyyətlərini davam etdirmirlər. Çünki onları həmin ixtisasa bağlayan motivasiya olmur.

Məsələn, gələcəyini hüquq sahəsində görmək istəyən bir abituriyent üçüncü qrupun bal tələbinə görə filoloq və ya tarixçi olur. Həkim olmaq istəyən isə biologiya və ya kimya müəllimliyi ixtisasını seçmək məcburiyyətində qalır. Ona görə də problem ali təhsil müəssisələrinə qəbul mərhələsindən başlayır. Keçən ilin Dövlət İmtahan Mərkəzinin hesabatında göstərilirdi ki, təkcə bir il ərzində 20 mindən artıq tələbə təhsilini yarımçıq qoyub. Bunun müxtəlif səbəbləri var. Bəziləri maddi çətinliklərə görə təhsilini davam etdirə bilmir, digərləri isə ixtisas uyğunsuzluğu və gələcək perspektiv görmədikləri üçün universiteti tərk edirlər.

Əgər ali təhsil müəssisələrinə qəbul qaydaları dəyişdirilsə, mənə elə gəlir ki, hər kəs öz istədiyi ixtisası seçər və həmin ixtisası həvəslə, şövqlə oxuyaraq uğurla başa vurmağa çalışar. Amma təəssüf ki, hazırda vəziyyət belə deyil. Nə qədər ki, qəbul sistemi ixtisaslara deyil, qruplara əsaslanacaq, bu kimi hallarla qarşılaşmağa davam edəcəyik.

Yüksək bal toplayan tələbələr arasında da valideyn təzyiqi ilə ixtisas seçənlər var. Məsələn, 500–600 baldan yuxarı nəticə göstərən abituriyentlərə valideynlər tərəfindən müəyyən təzyiq göstərilir. Onlardan valideynlərin arzuladığı ixtisasları seçmələri tələb olunur. Nəticədə bəzi abituriyentlər istəmədikləri ixtisasları kodlaşdırırlar ki, heç olmasa ali təhsil almaq imkanından məhrum olmasınlar".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə