Zəfər günü Pakistanın paytaxtı İslamabad şəhərində təntənəli qeyd olunub

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin nəzdində Hərbi attaşe aparatı tərəfindən İslamabad şəhərinin Serena otelində təşkil olunan rəsmi qəbulda Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Nadim Raza, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Abbaszadə, Pakistan Silahlı Qüvvələrinin otuzdan artıq generalları, Pakistan hökumətinin nümayəndələri, parlament üzvləri, ölkənin tanınmış ictimai-siyasi xadimləri, xarici ölkələrin Pakistandakı səfirləri və hərbi attaşeləri, diplomatlar, və Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsindən sonra tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycanın Vətən müharibəsi şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla anılmasını tədbir iştirakçılarından xahiş edib.

Səfir, Azərbaycanın 20% torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, Azərbaycan xalqına qarşı törətdiyi etnik təmizləmə siyasəti, Xocalı soyqırımı və digər müharibə cinayətləri, həmçinin Azərbaycan torpaqlarında törətdiyi mədəni və ekoloji terror barədə söz açaraq, Ermənistanın işğal etdiyi Azərbaycan topraqlarının qeyd-şərtsiz azad etməsini tələb edən BMT-nin 4 qətnaməsinin və digər beynəlxalq təşkilatların qərarlarının icra olunmadığını və Vətən müharibəsindən əvvəlki bir neçə ildə Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi-siyasi təxribatların daha da kəskinləşməsinin və nəhayət 2020-ci ilin 27 sentyabr tarixində genişmiqyaslı hücum əməliyyatlarına başlanmasının Azərbaycanın özünü müdafiə etmək hüququndan istifadə etmək və əks hücum əməliyyatlarının başlamağa məcbur etdiyini bildirib.

Şanlı Azərbaycan ordusunun müzəffər ali baş komandan Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq, ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini, Azərbaycanın BMT TŞ qətnamələrini təkbaşına özünün yerinə yetirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir, Azərbaycanın Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Səfir bir daha göstərdiyi dəsətəyə görə Pakistan dövlətinə təşəkkür edib.
Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı Hərbi Attaşesi polkovnik Mehman Novruzov Azərbaycanın müzəffər ali baş komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş 44 günlük Vətən müharibəsi və rəşadətli Azərbaycan ordusunun göstərdiyi şücaətləri, xüsusilə Şuşa əməliyyatı haqqında iştirakçılara məlumat verib. O, Azərbaycan Silahlı Qüvvələrinin bir çox dost ölkələrlə ikitərəfli hərbi əməkdaşlıqlarının olduğunu və onların içərisində Türkiyə və Pakistanın ön sirada yer tutduğunu qeyd edib. Polkovnik Mehman Novuzov 20 ildən artıq müddətdə uğurla davam edən Azərbaycan- Pakistan ikitərəfli hərbi əməkdaşlığının əsas prioritet sahələri haqqında qonaqlara məlumat verib və bu əməkdaşlıq nəticəsində Azərbaycan Ordusunun yüzlərlə hərbi qulluçusunun Pakistanın müxtəlif hərbi təhsil müəssisələrində ixtisasartırma kurslarında iştirak etdiyini bildirib. Hərbi attaşe, Azərbaycanın Vətən müharibəsi şəhidləri sirasında vaxtı ilə Pakistanda hərbi təhsil proqramlarında iştirak etmiş onlarla hərbi qulluçuların olduğunu və onların içərisində Azərbaycanın Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Anar Əliyevin adını xüsusi qeyd edərək, onun Vətən müharibəsində göstərdiyi şücaət görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycanın ən ali hərbi medalı olan, Vətən müharibəsi qəhrəmanı medalı ilə təltif olunduğunu qeyd edib.

Polkovnik Mehman Novruzov cari ilin sentyabr ayında ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının iştirakı ilə Azərbaycanda “Üç Qardaş-2021” beynəlxalq xüsusi təyinatlı qüvvələr təliminin keçirildiyini vurğulayıb. O, Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlığın ölkələrimizin siyasi və hərbi rəhbərliklərinin mütəmadi görüşləri nəticəsində müəyyən olunan yeni istiqamət və əməkdaşlıq sahələri üzrə bundan sonra da davam edəcəyini bildirib.
Sonra, tədbirdə Azərbaycandan dəvət olunmuş sənətçilər Pərviz Abdullayev, Zeynəb Abdullayeva, Ruslan Cabbarovun tədbir boyunca təqdim etdikləri Azərbaycan xalq mahnıları və rəqs proqramları, həmçinin Pakistanının və dünya musiqisinin tanınmış musiqi əsərləri tədbir iştirakçıları tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Mərasimdə Azərbaycanın Vətən müharibəsinə və Zəfər gününə dair müxtəlif videoçarxlarlar, stendlər nümayiş etdrilib, Azərbaycan həqiqətləri ilə bağlı kitablar, bukletlər və digər əyani materiallar, həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi tanınmış nişanlar tədbir iştirakçılarına paylanılıb. Rəsmi qəbul Pakistanın televiziya kanalları və nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə