"Biz öz doğma torpaqlarımıza qayıdacağıq" - TARİXÇİ DANIŞDI

“Son 30 ildə Qərbi Azərbaycanla bağlı məsələ Tarix institutunda araşdırılır. Ümumi Azərbaycan tarixi kontekstində götürdükdə qədim dövrdən başlayaraq 1918-ci ilə qədər Qərbi Azərbaycan tarixi ümumi şəkildə öyrənilib. Bugünkü terminologiya ilə danışsaq, Qərbi Azərbaycan ifadəsi son dəfə 2022-ci ilin sonunda rəsmiləşdi. Ona görə də bunu dünya ictimaiyyətinə çatdırmaq üçün ilk öncə həmin ərazilərin tarixi torpaqlarımız olması faktını sübut etmək və bu faktın bir neçə dilə tərcümə olunub dünya mətbuatına yaymaq lazımdır”. AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib.

Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyev öz doğum günündə Qərbi Azərbaycanın 30-a yaxın nümayəndəsi ilə görüşdü: “O, məsələnin mahiyyətinin nədən ibarət olduğunun izahını verdi. Əsas məsələ odur ki, son 200 il ərzində həmin ərazinin Çar Rusiyası tərəfindən işğalı, ermənilərin oraya köçürülməsi və bu torpaqların onlara qanunsuz şəkildə güzəştə gedilməsi və s. faktlar hamısı ümumi olaraq öyrənilib. Cənab Prezident bu tapşırığı verdikdə məələnin nə qədər önəmli və ciddi olduğu artıq aydınlaşdı. Bu məqsədlə Elmlər Akademiyasında Qərbi Azərbaycan tarixi şöbəsi təşkil olunub, Folklor İnstitutunda Qərbi Azərbaycan folklorunun, Dilçilik İnstitutunda toponimlərin öyrənilməsi ilə bağlı rəsmi surətdə elmi-tədqiqat işlərinin başlanılmasına start verilib”.

C. Bəhramov sözlərinə davam edərək bildirib ki, mixi yazılardan başlayaraq bugünə qədərki tarixi analiz edilməsi, kitablar və monoqrafiyaların toplanması, xəritələrin əldə edilməsi və bunların minimum 3 dildə tərtib olunması məsələlərinin həll edilməsi və dünya ictimaiyyətinə çatdırılması vacibdir: “Qanunsuz şəkildə torpaqlarımızın ermənilərə güzəştə gedilməsi, etnik təmizləmələr, deportasiyaların beynəlxalq cinayət olduğu məsələsini sübut etmək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasında görüşdə olarkən dedi ki, mən ailə üzvlərimlə görüşməyə gəlmişəm. Bilirsiniz, bu nə deməkdir? İlham Əliyev dövlətin birinci şəxsidir. Bunu televiziya kanalları, internet saytları vasitəsilə bütün dünyaya çatdırmaq lazımdır.

Ermənilərə başa salmaq lazımdır ki, sizin bu torpaqlarda yaşamaq haqqınız yoxdur. Ermənilərin törətdiyi cinayətlərdən sonra onlarla birgə yaşamaq mümkündürmü? Mən elə hesab edirəm ki, xeyr. Biz öz doğma torpaqlarımıza qayıdacağıq. Bu, güclü Azərbaycan dövlətinin, onun başçısının bilavasitə bütün dünyaya, o cümlədən ermənilərə söylədiyi ifadədir ki, bu torpaqlar bizimdir. Həmin torpaqlarda izimizi, tariximizi bərpa etmək üçün yurd-yuvamıza qayıdırıq. Kiməsə müharibə elan etmək, kimisə məhv etmək bizim planlarımızda yoxdur. Sadəcə Qərbi Azərbaycana qayıtmağı planlaşdırırıq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə