Qərbi Azərbaycan İcmasında kitab təqdimatı keçirilib - FOTOLAR
Qərbi Azərbaycan İcmasında “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” kitabının təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, millət vəkilləri və media nümayəndələri iştirak edib.
Açılış nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli İrəvanın ermənilərə verilməsi məsələsi barədə danışıb: “Vaxtilə sovet ideologiyası bizim tarixi həqiqətlərimizi ortaya çıxarmağın qarşısını alıb. Lakin müstəqillik qazandıqdan sonra biz tariximizlə, taleyimizlə bağlı həqiqətləri öyrənmək və dünyaya yaymaq imkanı qazandıq. Qərbi Azərbaycan həqiqətləri şübhəsiz ki, Ulu Öndərin hakimiyyətinin həm birinci, həm ikinci dövründə Onun əsas diqqət mərkəzində olub. 1997-ci dekabrın 18-də “Azərbaycanlıların deportasiyası haqqında” tarixi fərman imzalandı. Biz yenidən Qərbi Azərbaycan həqiqətlərini öyrənməyə başladıq. Həmin tarixdən sonra Azərbaycan tarixşünaslığında yenidən bir canlanma baş verdi.
Prezident İlham Əliyev hakimiyyətinin ilk günlərindən hər zaman Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması məsələsini diqqət mərkəzində saxlayıb. 2005-ci ildə etdiyi bir çıxışda İrəvan xanlığının, Zəngəzur torpaqlarının Azərbaycanın tarixi ərazisi olduğunu diqqətə yetirib. Dövlət başçısı 2006-cı ildə isə İrəvanın ermənilərə cümhuriyyət dövründə haqsız olaraq verildiyini öz çıxışında xüsusi qeyd edib. 2008-ci il yanvarın 17-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin açılışında Prezident İlham Əliyev İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsini tarixi səhv olaraq gündəmə gətirib. Bu çıxışdan sonra Azərbaycan tarixşünaslığı yenidən bu məsələyə qayıtmaq məcburiyyətində qaldı. İrəvanın Azərbaycan tarpağı olması sonradan tarixçilər tərəfindən ortaya qoyulan faktlarla təsdiq olundu. 2020-ci ilədək ölkəmizin başına gələn faciələrin təməlində İrəvan şəhərinin verilməsi dayanır. 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra bizim tarixi torpaqlarımıza qayıdışımız üçün imkan yarandı. Ona görə də biz tarixi ədalətin bərpası üçün əlimizdən gələni etməli və Qərbi Azərbaycan həqiqətlərini ortaya qoymalıyıq”.
Təqdimatı keçirilən kitabda Batum konfransında (11 may - 4 iyun 1918) erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi ilə bağlı gedən müzakirələr və qəbul edilən qərarlar dövrün ilkin arxiv sənədləri əsasında detallı şəkildə araşdırılmış və Qərbi Azərbaycan ərazisində erməni dövlətinin hansı şərtlər əsasında yaradılması ilə bağlı tarixi həqiqətlər üzə çıxarılmışdır. Müəllif, eyni zamanda faktlarla sübuta yetirir ki, Batum konfransının gedişində İrəvan şəhəri də Qarabağa bir daha ərazi iddiaları irəli sürməyəcəkləri şərtilə ermənilərə verilib.
Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrlər və yaxın keçmişimizin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə