"Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır" - İQTİSADÇI
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəzi Asiya ilə ticarəti artırmır, eyni zamanda regionu Avropa bazarlarına bağlayan nəqliyyat və logistika zəncirində öz rolunu gücləndirir". Bu fikirləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, 2026-cı ildə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarətin 20 milyard dollara çatdırılması hədəfi də açıqlanıb:
"Ən real nəticələrdən biri Azərbaycanın tranzit və logistika gəlirlərinin artması ola bilər. Orta Dəhliz üzrə yükdaşımaların genişlənməsi Bakı limanı, dəmir yolu, logistika mərkəzləri, gömrük, anbar və digər xidmət sahələrinə tələbi artıracaq. Dünya Bankının 2026-cı il hesabatına görə, Trans-Xəzər marşrutuna lazımi investisiyalar qoyularsa, 2040-cı ilədək bu dəhliz üzrə ticarət həcmi üç dəfədən çox arta, region ölkələrinin ümumi ÜDM-i əlavə 3,3 faiz yüksələ və təxminən 2 milyon əlavə iş yeri yarana bilər.
İnvestisiya baxımından da daha çox birgə müəssisələrin yaradılmasını gözləmək mümkündür. Xüsusilə kənd təsərrüfatı və ərzaq emalı, logistika, nəqliyyat, enerji, neft-kimya, tekstil, rəqəmsal texnologiyalar və sənaye sahələri perspektivli görünür. Azərbaycan İqtisadiyyat Nazirliyi də Mərkəzi Asiya ilə sənaye, logistika və infrastruktur üzrə birgə layihələrin genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi göstərir.
Burada Azərbaycanın öz şirkətlərinin Mərkəzi Asiya bazarlarına çıxışı da əhəmiyyətlidir. Əgər əməkdaşlıq yalnız Mərkəzi Asiya məhsullarının Azərbaycandan tranzit keçirilməsi ilə məhdudlaşmasa, Azərbaycan şirkətləri Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər bazarlarda istehsal, logistika, tikinti, xidmət və ticarət layihələrinə daxil ola bilərlər. Bu isə Azərbaycan kapitalının xaricdə yerləşdirilməsini və yerli şirkətlərin regional biznesə çevrilməsini sürətləndirə bilər.
Ticarətdə isə əsas məsələ sadəcə dövriyyənin artması deyil, ixracın strukturunun dəyişməsidir. Azərbaycanın Mərkəzi Asiyaya daha çox qeyri-neft məhsulları, ərzaq, kənd təsərrüfatı məhsulları, tikinti materialları, kimya və sənaye məhsulları çıxarması üçün imkanlar genişlənə bilər. Bu, neft-qazdan kənar ixracın artırılması baxımından xüsusilə vacibdir. BVF də Azərbaycanın ixracının hələ də karbohidrogenlərdən yüksək dərəcədə asılı olduğunu və logistika imkanlarının genişləndirilməsinin diversifikasiya üçün mühüm olduğunu vurğulayır.
Yeni iş yerləri məsələsində isə əsas effekt birbaşa dövlət sektorunda deyil, özəl sektorda yarana bilər. Logistika, anbar, yükdaşıma, gömrük xidmətləri, sığorta, bankçılıq, turizm, İT və elektron ticarət kimi sahələrdə yeni iş yerlərinin yaranması mümkündür. Eyni zamanda sənaye və aqrar layihələr reallaşarsa, regionlarda da məşğulluğun artmasına şərait yarana bilər.
Amma bunun üçün təkcə siyasi münasibətlərin yaxşı olması kifayət deyil. Nəqliyyat xərclərinin aşağı salınması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, gömrük sistemlərinin rəqəmsallaşdırılması, yükdaşımaların sürətləndirilməsi və özəl investorlara daha əlverişli şərait yaradılması lazımdır. Əks halda Mərkəzi Dəhlizin üzərindən keçən yükün artması Azərbaycan iqtisadiyyatına böyük əlavə dəyər yaratmadan yalnız tranzit xidmətləri ilə məhdudlaşa bilər.
Ona görə yaxın illər üçün əsas hədəf “Mərkəzi Asiyadan Azərbaycandan keçən malların həcmini artırmaq” deyil, “bu ticarətdən Azərbaycanda daha çox əlavə dəyər yaratmaq” olmalıdır. Yəni Azərbaycan tranzit ölkədən logistika, istehsal və investisiya platformasına çevrilə bilsə, Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi iqtisadi artıma, qeyri-neft ixracına, özəl investisiyalara və yeni məşğulluğa daha ciddi təsir göstərə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB