“Azərbaycan Böyük Britaniya üçün enerji və nəqliyyat baxımından mühüm tərəfdaşdır“ -DEPUTAT DANIŞDI

“Azərbaycan Böyük Britaniya üçün enerji və nəqliyyat baxımından mühüm tərəfdaşdır“ -DEPUTAT DANIŞDI

”Prezident İlham Əliyevin Böyük Britaniyanın Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarla görüşü iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi üçün qarşılıqlı marağı nümayiş etdirir”.

Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya uzun illərdir Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarından biridir:

“Əgər əvvəlki mərhələdə əməkdaşlığın əsas ağırlıq mərkəzini enerji sektoru təşkil edirdisə, bu gün gündəliyin əhəmiyyətli dərəcədə şaxələndiyini görürük. Görüş zamanı enerji və ticarətlə yanaşı, biznes, təhlükəsizlik, müdafiə sənayesi, data mərkəzləri, süni intellekt, kənd təsərrüfatı və təhsil sahələrinin müzakirə edilməsi münasibətlərin daha geniş və gələcəyə hesablanmış məzmun qazandığını göstərir.

Azərbaycan üçün Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsi yeni investisiyaların, qabaqcıl texnologiyaların və beynəlxalq təcrübənin ölkəmizə cəlb olunması baxımından əhəmiyyətlidir. Böyük Britaniya üçün isə Azərbaycan enerji tərəfdaşı olmaqla yanaşı, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və iqtisadi bağlantılarda mühüm mövqeyə malik ölkədir. Bu baxımdan münasibətlərdə qarşılıqlı maraqların dairəsi getdikcə genişlənir.

Hesab edirəm ki, qarşıdakı mərhələdə əsas perspektiv mövcud siyasi etimadın daha çox konkret iqtisadi layihələrə, qarşılıqlı investisiyalara, texnologiya transferinə və qeyri-neft sektorunda yeni əməkdaşlıq imkanlarına çevrilməsidir. Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti də bu istiqamətdə mühüm mexanizm rolunu oynayır. Azərbaycan–Böyük Britaniya münasibətlərinin mövcud dinamikası iki ölkə arasında uzunmüddətli və çoxşaxəli tərəfdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu göstərir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə