"Suverenliyin tam bərpası Azərbaycanın qarşısında tamamilə yeni siyasi gündəm açdı" - ŞƏRH

"Suverenliyin tam bərpası Azərbaycanın qarşısında tamamilə yeni siyasi gündəm açdı" - ŞƏRH

"Azərbaycanın son onilliklərdə keçdiyi siyasi yolun ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, qarşıya qoyulan əsas məqsədlər mərhələ-mərhələ reallaşıb. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi dayaqların yaradılması, ordunun gücləndirilməsi, ərazi bütövlüyünün bərpası və nəhayət, suverenliyin tam təmin olunması – bütün bunlar bir-birindən ayrı proseslər deyil. Bu mərhələlər vahid dövlət siyasətinin müxtəlif dövrlərdə qarşıya çıxan vəzifələridir".

Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər yalnız keçilmiş yolun hesabatı deyildi:

"Dövlət başçısının mesajlarında Azərbaycanın artıq başqa bir siyasi mərhələyə daxil olduğu aydın şəkildə görünürdü. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir dövrdə baş tutdu. Bu, YAP tarixində xüsusi əhəmiyyət daşıyan məqamdır. Prezidentin də vurğuladığı kimi, ilk dəfədir ki, partiyanın qurultayı Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin olunduğu şəraitdə keçirilir. Bu faktın özü siyasi gündəmin necə dəyişdiyini göstərir. Artıq söhbət Azərbaycanın ərazi bütövlüyünün necə bərpa ediləcəyindən getmir. Bu məsələ tarixə çevrilib. İndi əsas məsələ əldə olunmuş nəticələri qorumaq, ölkənin təhlükəsizliyini daha da möhkəmləndirmək və yaranmış yeni imkanlardan Azərbaycanın inkişafı üçün istifadə etməkdir. Prezident İlham Əliyevin çıxışının əsas xətti də məhz bu siyasi keçidi izah edir. Azərbaycanın əldə etdiyi Zəfəri 44 günlük müharibə tarixi dönüş nöqtəsi idi, amma həmin nəticəyə gətirib çıxaran yol daha əvvəl başlamışdı. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması, 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması, ordunun qurulması və gücləndirilməsi – bütün bunlar sonrakı hadisələrin siyasi və iqtisadi əsaslarını formalaşdırdı. Bu mənada 2020-ci ilin noyabrında əldə edilən hərbi nəticə qəfil yaranmış uğur deyildi. Azərbaycanın illər ərzində apardığı siyasətin məntiqi nəticəsi idi.

Burada mühüm bir məqam var. 2020-ci ildən sonra Azərbaycanın qarşısında duran vəzifə yalnız azad edilmiş ərazilərdə möhkəmlənmək deyildi. Dövlət siyasətinin əsas məqsədi ərazi bütövlüyünün tam bərpası olaraq qalırdı. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində suverenliyinin təmin olunması isə bu mərhələni faktiki olaraq başa çatdırdı. Beləliklə, uzun illər ərzində qarşıya qoyulmuş əsas milli məqsədlərdən biri tam reallaşdı.
Ərazi bütövlüyünün və suverenliyin bərpası Azərbaycanın yalnız hərbi deyil, siyasi mövqeyini də dəyişdi. Ölkənin regiondakı çəkisi artdı, xarici siyasət üçün yeni imkanlar yarandı, daxili siyasi gündəmdə də əvvəlki prioritetlərin bir hissəsi öz əhəmiyyətini itirdi.

Cənab Prezident İlham Əliyevin çıxışında iqtisadi güc, hərbi potensial və müstəqil xarici siyasətin bir-birindən ayrı məsələlər kimi deyil, vahid dövlət siyasətinin elementləri kimi təqdim olunması da təsadüfi deyil. Çünki müasir dünyada siyasi müstəqilliyin yalnız hüquqi statusla təmin olunması mümkün deyil. Dövlətin iqtisadi imkanları, müdafiə qabiliyyəti və xarici siyasətdə manevr imkanları nə qədər genişdirsə, milli qərarların qəbulunda müstəqillik də bir o qədər böyük olur. Dövlət başçısının “xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin” fikri də bu kontekstdə xüsusi diqqət çəkir. Burada söhbət dünyadan təcrid olunmaqdan yox, Azərbaycanın öz milli maraqlarını müstəqil şəkildə müəyyən etməsindən gedir. Azərbaycan son illərdə müxtəlif güc mərkəzləri ilə münasibətlər qurmaqla yanaşı, öz siyasi xəttini də qoruyub saxlayır. Bu siyasətin əsas xüsusiyyəti tərəf seçməkdən daha çox, milli maraqlara uyğun mövqe müəyyənləşdirməkdir. Müharibə başa çatıb, amma təhlükəsizlik məsələsi gündəmdən çıxmayıb. Zəfərdən sonra bəzən belə təsəvvür yarana bilər ki, hərbi amilin siyasi əhəmiyyəti əvvəlki qədər deyil. Prezidentin çıxışında isə bunun tam əksinə, ordunun və müdafiə qabiliyyətinin bundan sonra da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanır. Bu, Azərbaycanın mövcud geosiyasi reallıqları necə qiymətləndirdiyini göstərir. Sülh istəyən dövlətin güclü orduya ehtiyacı yoxdur fikri tarix boyu özünü doğrultmayıb. Əksinə, güclü müdafiə qabiliyyəti sülhün əsas təminatlarından biridir. Azərbaycan üçün də hərbi güc artıq yalnız ərazi bütövlüyünün bərpası vasitəsi deyil, əldə olunmuş nəticələrin qorunmasının əsas şərtlərindən biridir. Başqa sözlə, müharibədən sonrakı mərhələdə ordunun qarşısında duran vəzifə dəyişib, amma onun dövlət siyasətindəki əhəmiyyəti azalmayıb.

Prezidentin çıxışında 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan proseslərə, Birinci Qarabağ müharibəsinə, ölkədəki siyasi böhrana və Ermənistan rəhbərliyinin sonrakı illərdə apardığı siyasətə geniş yer verilməsi də diqqətdən kənarda qala bilməz. Bu, sadəcə keçmişi xatırlamaq deyil. Tarixə münasibət dövlət siyasətinin bir hissəsidir. Çünki baş verən hadisələrə düzgün siyasi qiymət verilmədikdə, həmin tarix müxtəlif məqsədlərlə təhrif edilə bilər. Azərbaycanın son illərdə əldə etdiyi nəticələr fonunda isə bu məsələ daha da aktuallaşır.

Xüsusilə gənc nəsil üçün 1990-cı illərin əvvəllərindəki Azərbaycanla bugünkü Azərbaycan arasındakı fərqin izah olunması vacibdir. Ölkənin hansı vəziyyətdən hansı mərhələyə gəlib çatdığını anlamaq üçün bu tarixi ardıcıllığı bilmək lazımdır. Bu baxımdan Heydər Əliyevin siyasi irsi də yalnız keçmişin xatirəsi kimi deyil, dövlətçilik xəttinin davamıdır. 1990-cı illərdə əsas məsələ Azərbaycan dövlətçiliyini qorumaq və ölkədə sabitliyi təmin etmək idi. Sonrakı mərhələdə iqtisadi imkanların artırılması ön plana çıxdı. Daha sonra bu imkanların hərbi gücə çevrilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirildi. Bu ardıcıllıq təsadüfi deyildi. Güclü iqtisadiyyat olmadan güclü ordu yaratmaq, güclü ordu olmadan isə milli maraqları müdafiə etmək çətindir. Eyni zamanda, bütün bunların üzərində siyasi iradə və dövlət idarəçiliyi dayanır. Azərbaycanın son üç onillikdə keçdiyi yol məhz bu ardıcıllığı göstərir. Ona görə də Heydər Əliyev siyasi kursunun davamlılığından danışarkən söhbət yalnız konkret siyasi qərarların təkrarlanmasından getmir. Şərait dəyişə bilər, qarşıya yeni vəzifələr çıxa bilər, taktiki yanaşmalar yenilənə bilər. Dəyişməyən əsas xətt isə dövlətçilik, milli maraqlar və Azərbaycanın müstəqil inkişaf yoludur.

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Lakin siyasi baxımdan Zəfər son deyil. Əksinə, qarşıda daha mürəkkəb və daha uzunmüddətli vəzifələr var. İndi əsas məsələ əldə edilmiş tarixi nəticələri davamlı siyasi, iqtisadi və təhlükəsizlik üstünlüklərinə çevirməkdir. Bu mərhələdə azad edilmiş ərazilərin bərpası, əhalinin Böyük Qayıdışının sürətləndirilməsi, iqtisadi imkanların genişləndirilməsi, ordunun daha da gücləndirilməsi və Azərbaycanın regional mövqelərinin möhkəmləndirilməsi bir-birini tamamlayan istiqamətlərdir. YAP-ın VIII Qurultayında səslənən mesajlar da məhz bu yeni mərhələnin siyasi çərçivəsini müəyyənləşdirir. VII Qurultay Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən az sonra keçirilmişdisə, VIII Qurultay artıq ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycanın reallıqlarını əks etdirir. Bu fərq əslində çox şeyi dəyişir. Dünən Azərbaycanın əsas siyasi sualı torpaqların işğaldan necə azad ediləcəyi idisə, bu gün əsas sual Zəfərin yaratdığı imkanlardan necə daha səmərəli istifadə olunacağıdır. Məhz buna görə VIII Qurultayı yalnız partiyadaxili tədbir kimi qiymətləndirmək doğru olmaz. Burada Azərbaycanın qarşıdakı dövr üçün siyasi prioritetlərinin də konturları görünür. Zəfər bir tarixi mərhələni başa çatdırdı. Suverenliyin tam bərpası isə Azərbaycanın qarşısında tamamilə yeni siyasi gündəm açdı. İndi məsələ bu gündəmi düzgün formalaşdırmaq, əldə olunmuş nəticələri qorumaq və onları uzunmüddətli dövlət gücünə çevirməkdir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə