Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir
Qısa müddət ərzində Azərbaycanda müdafiə sənayesi və bütövlükdə kibertəhlükəsizlik sektoru əhəmiyyətli inkişaf yolu keçib. Bu sahədə qabaqcıl texnologiyalar, süni intellekt həlləri və digər müasir innovasiyaların tətbiqi təqdirəlayiq haldır.
Bu fikirləri SİA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bildirib. Alim vurğulayıb ki, elmi tutumlu rəqəmsal və süni intellekt texnologiyalarının mənimsənilməsi və tədqiqi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də Prezident İlham Əliyev tərəfindən strateji vəzifə kimi irəli sürülən milli süni intellekt modellərinin işlənib hazırlanması fundamental elmi yanaşma tələb edir: “Milli süni intellekt modelinin formalaşdırılması üçün onun əsasını təşkil edən data resursları, alqoritmlər, riyazi modellər, həmçinin kadr potensialı milli resurslara əsaslanmalıdır”.
Akademik Rasim Əliquliyev 30 ildən çoxdur ki, İnformasiya Texnologiyaları İnstitutunda kibertəhlükəsizliyin elmi-nəzəri əsaslarının formalaşdırılması, peşəkar mütəxəssislərin, tədris vəsaitlərinin hazırlanması və bu sahədə görülən işlərin populyarlaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, institutun ölkəmizdə milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına töhfə verdiyini söyləyib. O, eyni zamanda, elmi müəssisələr və ali məktəblərin birgə iştirakı ilə müvafiq sahədə tədqiqat prioritetlərinin müəyyənləşdirilməsi və kadr potensialının inkişaf etdirilməsi üçün vahid elmi platformanın yaradılmasının məqsədəuyğun olduğunu vurğulayıb.
Alimin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılmasının əsas strateji hədəflərindən biri də dövlət maraqları çərçivəsində inteqrasiya olunmuş rəqəmsal mühitin qurulması, vahid milli data ekosisteminin yaradılması və idarəetmənin səmərəliliyi kimi kompleks məsələlərin həll edilməsidir.
Bu gün Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin uğurla formalaşdığını diqqətə çatdıran akademik kibertəhlükəsizliyin kritik infrastrukturların qorunması, insan hüquqlarının təmin olunması və digər çoxaspektli məsələləri əhatə etdiyini qeyd edib, bu istiqamətdə müvafiq qurumların qarşısında mühüm vəzifələrin dayandığını vurğulayıb.
AMEA-nın vitse-prezidenti müdafiə və kritik sektorlara cavabdeh dövlət qurumlarının fəaliyyətini yüksək qiymətləndirərək, bu sahədə gedən proseslərin dövlət maraqları və strateji vəzifələr nəzərə alınmaqla vahid mərkəzdən koordinasiyasını, effektiv idarə olunmasını təmin edən mexanizmin formalaşdırılmasının vacibliyini də vurğulayıb: “Dövlət qurumları, elmi müəssisələr, biznes sektoru və vətəndaş cəmiyyəti institutları arasında daha sıx əməkdaşlıq təmin edilməli, mütəmadi olaraq elmi müstəvidə müzakirələr təşkil olunmalıdır”.
Akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun bu proseslərdə yaxından iştirak etməyə və qarşıya qoyulan mühüm vəzifələrin həyata keçirilməsində elmi dəstək göstərməyə hazır olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB