"Azərbaycan öz torpaqlarını azad edib" - ŞƏRH EDİLDİ

"Prezident İlham Əliyevin ABŞ-a səfəri böyük diplomatik qələbə hesab oluna bilər".Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloqun sözlərinə görə, Donald Trampın prezidentliyindən öncə ABŞ-da hakimiyyətdə olan demokratlar dövründə ölkəmizə qarşı çoxsaylı təzyiqlər edilirdi: "Azərbaycana qarşı təhdid və diktat dilində danışırdılar və Azərbaycan öz torpaqlarını azad edib, ərazi bütövlüyünü və müstəqilliyini təmin etsə də, ABŞ kimi superdövlət ölkəmizə qarşı çox qərəzli mövqe sərgiləyirdi. Çünki hakimiyyətdə olan şəxslər – xüsusilə də Bayden-Blinken cütlüyü – ermənipərəst siyasət yürüdürdülər. ABŞ-ın keçmiş rəhbərliyinin ermənilərə olan münasibəti və sevgisi ABŞ–Azərbaycan münasibətlərini də kölgə altında qoyurdu.

Əlbəttə, Azərbaycanla ABŞ arasında strateji münasibətlərin qurulması çox əhəmiyyətli idi. Donald Tramp isə tamamilə fərqli yanaşma sərgilədi. Onun hakimiyyətə gəldikdən sonra xüsusilə də USAID, "Amerikanın Səsi", "Azadlıq" Radiosu kimi qurumlara qarşı sərt münasibəti Azərbaycanda müsbət qarşılandı.

Eləcə də cənab Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında olan yaxın münasibətlər böyük ölçüdə məsələlərin həllinə gətirib çıxardı. Vaşinqtonda imzalanan, həm Azərbaycan–ABŞ arasında strateji münasibətləri müəyyən edən sənəd, eləcə də Ermənistan Baş naziri Nikol Paşinyan və cənab Prezident İlham Əliyev arasında Donald Trampın şahidliyi ilə imzalanan memorandum bölgəmizdə yeni qüvvələr balansını formalaşdırdı.

Ümid edirəm ki, bu qüvvələr balansı regionda təhlükəsizlik sisteminin daha da güclənməsinə səbəb olacaq. Bu, bölgədə yeni şərait yaradır və burada Azərbaycanın milli maraqları da təmin olunur. Qarşıdakı dövrdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması region üçün faydalı olacaq, kommunikasiya xətlərinin açılması sülhü möhkəmləndirəcək, təhlükəsizliyə töhfə verəcək və Azərbaycanla ABŞ arasında sülh müqaviləsində göstərilən maddələr üzrə münasibətlər inkişaf edəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə