Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Kolumbiya Konqresinin (Senat və Nümayəndələr Palatası) dəstəyi, Azərbaycanın bu ölkədəki səfirliyinin və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə ölkə Senatının tarixi binasında görkəmli rəssam Nazim Məmmədovun Xocalı qurbanlarının əziz xatirəsinə həsr olunmuş əsərlərindən ibarət “Xocalı harayı” adlı rəsm sərgisi açılıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdən bildirilib ki, sərginin açılış mərasimində Kolumbiya Prezidentinin korrupsiyaya qarşı katibi Andres İdarraqa Franko, Konqresin Beynəlxalq əlaqələr komitəsinin sədri Alexandro Toro, komitənin üzvü Mary Anne Andrea Perdomo və digər millət vəkilləri, Kolumbiya Xarici İşlər Nazirliyi və bu ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, yerli KİV və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbov tarixin qanlı səhifələrindən biri olan Xocalı soyqırımının həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından sərginin əhəmiyyətinə toxunub, 1992-ci ilin fevralında Xocalıda dinc əhaliyə qarşı törədilmiş erməni vəhşiliyinin ağır nəticələri barədə məlumat verib. Diplomat Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsinin, o cümlədən bu qanlı hadisəyə əli bulaşmış erməni cəlladlarının ədalət mühakiməsi qarşısına çıxarılmasının və öz layiqli cəzalarını almasının zəruriliyini qeyd edib.
Çıxışı zamanı M.Talıbov Kolumbiyanın Xocalı soyqırımına biganə qalmadığını, Kolumbiya Konqresində müxtəlif illərdə qəbul edilmiş sənədlərdə dinc əhaliyə qarşı xüsusi amansızlıqla törədilmiş bu qanlı əməllərin qətiyyətlə pislənildiyini və soyqırımı kimi xarakterizə olunduğunu vurğulayıb və bu baxımdan Kolumbiya tərəfinə minnətdarlığını çatdırıb.
Səfir həmçinin, Azərbaycan Hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə, eləcə də Xocalıda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən söz açıb, Ermənistandakı tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların da öz doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsinin vacibliyini qeyd edib.
Daha son Kolumbiya Prezidentinin korrupsiyaya qarşı katibi A.İdarraqa çıxış edərək, Xocalı soyqırımının bütün insanlıq əleyhinə törədilmiş cinayət olduğunu, ölkəsinin Azərbaycan xalqının kədərini bölüşdüyünü qeyd edib. O, 1992-ci ilin fevralında Xocalıda günahsız insanların misli görülməmiş qəddarlığa məruz qalmasını ağlasığmaz vəhşilik adlandırıb, bu kimi hadisələrin bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyəti Xocalı qurbanlarının xatirəsini yad etməyə, yorulmadan sülh və ədalət naminə fəaliyyət göstərməyə çağırıb.
Sonda “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov Xocalı qurbanlarının əziz xatirəsinə həsr edilmiş sərginin beynəlxalq əhəmiyyətinə diqqət çəkib, nümayiş etdirilən nümunələrlə bağlı sərgi iştirakçılarına ətraflı məlumat verib.
Ziyarətçilər tərəfindən maraqla qarşılanan tədbirdə Xocalı soyqırımına həsr edilmiş kitab və broşürlər paylanılıb. Tədbir Kolumbiya KİV-lərində geniş işıqlandırlıb.
Eyni zamanda, D.Məmmədovun müəllifi olduğu, sərgidə nümayiş etdirilmiş rəsm əsərləri əsasında qələmə alınmış “Xocalı harayı” adlı kitab Latın Amerikasının 2-ci ən qədim kitabxanası hesab edilən Kolumbiya Milli Kitabxanasına rəsmi olaraq hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə