Şəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu - daş yaddaşımızdan soraqlar TƏHLİL
Dövlət tərəfindən, bütün sahələrə olduğu kimi, xüsusi tarixi əhəmiyyət daşıyan nümunələrə, qalalara, istehkamlara, məbədlərə, təbiət qoruqlarına diqqət və qayğı artıb. Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, Bakı şəhərində "Şirvanşahlar Saray Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar meydanı", "Məktəb-məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" Alban məbədi, "Aşağı Karvansaray", "Şəkixanovların evi", Quba rayonunun Xınalıq kəndində "Əbu-Müslüm" və "Xıdır Nəbi" məscidləri, Şərur rayonunda "Qudi-Xatun" türbələri, Babək rayonunda "Əshab-ül-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Gəncə şəhərində Nizami Gəncəvi Məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyn" Xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb. Görülən işlər tarixin daş yaddaşı olan abidələrin nəsillərdən-nəsillərə ötürülməsində əhəmiyyətlidir. Milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlər davamlı olaraq həyata keçirilir. Bu gün Azərbaycanda 28 tarixi qoruq var ki, onların 14-ü tarixi-mədəniyyət qoruğu, 8-i tarixi-memarlıq, 2-i tarixi-bədii qoruqdur. Təkcə Yanardağ həm tarixi-mədəniyyət, həm də təbiət qoruğu olaraq fəaliyyət göstərir. Qobustan Dövlət tarix-bədii qoruğu, Nardaran tarix-mədəniyyət qoruğu, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix-Mədəniyyət Qoruğu, "Çıraqqala" Tarixi-Memarlıq Qoruğu, "Şabran şəhəri" Tarixi Qoruğu, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və s. dövlət səviyyəsində qorunur və müfahizə olunur.
QORUQLAR MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN TURİZM OBYEKTLƏRİNƏ ÇEVRİLMƏKDƏDİR
Qoruqların fəaliyyəti müasir tələblər səviyyəsində təşkil edilir. Ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir. Qoruqların bir qismindən turizm məqsədləri üçün istifadə edilir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu və "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. "Qobustan" Milli Tarix-Bədii Qoruğu ərazisində qoruğun yeni inzibati binası tikilmiş və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyası yaradılmışdır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun və "Qobustan" Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşən abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir. Şəki şəhərindəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu da dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Qoruğun memarlıq abidələrindən biri də XIX əsrdə inşa olunmuş əsgər kazarmasıdır və hazırda dövlət mühafizəsinə götürülüb. Bina yerli inşaat materiallarından istifadə olunmaqla, ənənəvi memarlıq üslubunda inşa edilib. Tikili giriş hissədən və əsas zaldan ibarətdir. Hazırda binada bərpa işlərinə başlanılıb və "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun fond otaqları kimi fəaliyyət göstərəcək.
QALA DİVARLARI DAXİLİNDƏKİ İKİ ABİDƏNİN-RƏSM QALEREYASI VƏ QORUĞUN İNZİBATİ BİNASINDA TƏMİR-BƏRPA İŞLƏRİ YEKUNLAŞIB
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki şəhərindəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar. Qoruğun ərazisində Qala divarları daxilindəki iki abidənin - Rəsm Qalereyası və qoruğun inzibati binasında təmir-bərpa işləri yekunlaşıb. Bu abidələrin hər ikisi XIX əsrdə çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilib. XIX əsrdə inşa edilmiş və hazırda dövlət mühafizəsinə götürülmüş tarixi bina ənənəvi Şəki memarlığı üslubunda tikilib. Təəssüf ki, sovet dövründə bu binada xəstəxana fəaliyyət göstərib və nəticədə onun memarlıq irsi tamamilə pozulub, bir sıra əlavələr edilib. Bu memarlıq abidəsi hazırda tarixi memarlıq üslubunda bərpa və konservasiya edilir, daxili tərtibatı iaşə obyekti və tədbirlərin keçirilməsi üçün uyğunlaşdırılır.İnzibati bina yerli memarlıq üslubunda, dağ-qaya daşından və bişmiş kərpicdən inşa olunub. Binanın memarlıq irsi qorunmaqla onun fasadı, dam örtüyü, döşəməsi, pilləkənləri bərpa olunub, interyeri inzibati bina üçün uyğunlaşdırılıb. Məlumat verilib ki, binada kommunikasiya xətləri, istilik sistemi qurulub, inzibati heyətin fəaliyyəti üçün bütün şərait, fond və arxiv otaqları yaradılıb. İnzibati binanın ümumi sahəsi 324 kvadratmetrdir. Qoruqdakı şəbəkə emalatxanasının yerləşdiyi bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Binaya ümumi sahəsi 127 kvadratmetr olan əsas və sahəsi 30 kvadratmetr olan yardımçı tikililər daxildir. Hazırda bərpa olunan binadan "Şəbəkə evi" emalatxanası kimi istifadə ediləcək. Eyni zamanda, burada yeni şəbəkə ustalarının yetişdirilməsi üçün "Şəbəkə Təlim-Tədris Mərkəzi" fəaliyyət göstərəcək.Vurğulayaq ki, burada dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya qoruqdakı dairəvi məbəddə aparılan təmir-bərpa işləri barədə də məlumat verilib. Bildirilib ki, dairəvi məbəd XIX əsrin əvvəllərində tikilmiş və dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Dairəvi məbədin memarlığı Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna oxşardır. Bina XIX əsrdə pravoslav kilsəsi kimi fəaliyyət göstərib, daha sonra sovet dövründə anbar kimi və digər təyinatlar üçün istifadə edilib. Bina ilkin variantda sırf dairəvi formada olub, daha sonra ona üç tərəfdən köməkçi tikililər əlavə edilib. Bu binada son 30 il ərzində Şəki Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərib. Hazırda binada bərpa işləri aparılır.Tarix-Diyarşünaslıq Muzeyində davam edən bərpa işləri ilə tanışlıq zamanı məlumat verilib ki, Tarix-Diyarşünaslıq Muzeyinin binası dövlət mühafizəsinə götürülmüş, XIX əsrin sonlarında tikilmiş memarlıq abidəsidir. Bu bina XIX əsrdə rus əsgərləri üçün kazarma binası kimi tikilib. Bina ənənəvi yerli tikinti materiallarından (çay daşı və bişmiş kərpic) və Şəki memarlığı üslubunda inşa edilib. Muzeydə təxminən 2461-dən artıq eksponat var. Hazırda binada təmir-bərpa işləri davam edir. 1982-ci ildən rəsm qalereyası kimi istifadə edilən bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Binanın tarixi-memarlıq üslubu qorunmaqla onun fasadı, dam örtüyü bərpa edilib, kommunikasiya sistemi tamamilə yenidən qurulub. Rəsm Qalereyasının fondunda 254 eksponat saxlanılır. Onlardan 61-i rəsm əsəri və 8-i heykəl olmaqla 69 eksponat hazırda ekspozisiyada sərgilənir, 185-i isə qalereyanın fond otağında mühafizə olunur. Ekspozisiyadakı əsərlər Azərbaycan incəsənət tarixinin, onun mövzu və üslubca müxtəlif istiqamətlərinin, inkişaf dövrlərinin ziyarətçilər tərəfindən daha dərindən başa düşülməsi üçün tarixi ardıcıllıqla sıralanıb. Ekspozisiyadakı incəsənət əsərlərinin mühafizəsi məqsədilə müvafiq temperatur və rütubət rejimi üçün zəruri olan sistem quraşdırılıb. Göründüyü kimi, ölkə ərazisində olan qoruqlarda, tarixi ərazilərdə dövlət tərəfindən genişmiqyaslı bərpa-konservasiya, elmi-tədqiqat, yenidənqurma və abadlaşdırma işləri aparılıb və bu iş davam etməkdədir. Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə, qəza vəziyyətinə düşmüş tarixi və mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılır.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB