İtaliyada mafiyaya qarşı son onilliklərin ən böyük məhkəmə prosesi başlayıb

Yanvarın 13-də İtaliyanın cənubunda yerləşən Kalabriya regionunda ölkə tarixində mafiyaya qarşı ən böyük məhkəmə proseslərindən birinə start verilib. SİA xəbər verir ki, bu regionda məskunlaşan "Ndranqeta" mafiyasının yüzlərlə üzvü və onlarla əlbir olan şəxslər məhkəmə qarşısına çıxarılacaq. Onlara qarşı qətil, adam öldürməyə cəhd, narkotik vasitələrin saxlanması, satışı və dövriyyəsi, vəzifə səlahiyyətindən sui-istifadə, çirkli pulların yuyulması və digər maddələr üzrə cinayət işi açılıb. Ümumilikdə 355 nəfərə qarşı aparılan məhkəmə işində 400-dən artıq vəkil iştirak edəcək, 900-dək şəxs isə şahid qismində ifadə verəcək. şahidlərdən 58 nəfəri əsas şahid olaraq prokurorluq orqanları tərəfindən məhkəməyə çağrılıb, yəni hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən həmin şəxslərin mafiyaya qarşı verəcəyi ifadələr onların cəzasını yüngülləşdirə bilər. Cinayət əməli törətməkdə təqsirli bilinən daha 90 nəfər üçün isə sürətləndirilmiş məhkəmə prosesi təşkil ediləcək və həmin məhkəmə işi yanvarın 27-də start götürəcək. Məhkəmə prosesi Kalabriya regionunda yerləşən Lametsia Terme şəhərində baş tutacaq. Ədliyyə orqanlarının diqqət mərkəzində yüzlərlə müttəhim arasında çoxsaylı "Ndranqeta" klanları arasında xüsusi nüfuzu olan Mankuzo ailəsi və onların əlaltıları dayanır. Müttəhim kürsüsündə oturanlar arasında həmçinin bu ailənin başçısı "dayı" ləqəbli Luici Mankuzo da var. "Ndranqeta" dünyanın ən güclü mafiya təşkilatlarından biridir və beynəlxalq narkotik vasitələr ticarətində dominant mövqeyi ilə yanaş, silah satışı, çirkli pulların yuyulması, insan alveri və korrupsiya vasitəsilə böyük sərvət əldə edib. Ekspertlərin rəyinə görə, "Ndranqeta"nın dünya üzrə illik dövriyyəsi 50-100 milyard avro arasındadır. Hazırkı məhkəmə prosesi hüquq-mühafizə orqanlarının 1980-ci illərdən bəri mafiyaya qarşı həyata keçirdi ən böyük təhqiqatların nəticəsidir. Aparılan əməliyyatlar nəticəsində ötən il İtaliya ilə yanaş, Almaniya, İsveçrə və Bolqarıstanda ümumilikdə 334 nəfər həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...