"Beşiktaş"ın kanadalı hücumçusu 31 ildən sonra klub tarixində bir ilkə imza atıb

“Beşiktaş” futbol üzrə Türkiyə Super Liqasının 17-ci turu çərçivəsində doğma meydanda “Rizəspor”la qarşılaşmadan 6:0 hesablı qələbə ilə ayrılıb.

SİA xəbər verir ki, bu oyunda vurulan qollardan ikisini Oğuzhan Özyakupla Adnan Hasiç rəqib qapısından keçiribsə, qalan dörd qola Kayl Larin imza atıb.

25 yaşlı kanadalı hücumçu bununla 31 ildən sonra bir ilkə imza atıb. Məsələ burasındadır ki, İstanbul təmsilçisində sonuncu dəfə 1989/90 mövsümündə Ali Gültiken Super Liqa matçında pokerə imza atmışdı.

Super Liqa çərçivəsində keçirdiyi son altı ev oyununda rəqiblərinə xal verməyən “Beşiktaş”, baş məşqçisi Sergen Yalçının rəhbərliyi altında ən uzun seriyasını yaşayır. Bundan başqa, “qara qartallar” 2009-cu ildən bəri ilk dəfə ardıcıl beş Super Liqa matçında qol buraxmadan qələbə qazanır. 6:0 hesablı qələbə İstanbul təmsilçisinin “Rizəspor”la çempionat oyunlarında da ən fərqli nəticəsi kimi tarixə keçib.

Qeyd edək ki, 17 turdan sonra 34 xala malik “Beşiktaş” turnir cədvəlinin vahid lideridir. Kayl Larin isə meydana çıxdığı 15 Super Liqa matçında 10 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə