CAVAD BƏY ŞIXLİNSKİ (1874-1959) General-mayor, Gəncə üsyanının əsas təşkilatçılarından biri Cavad bəy Şıxlinski 3 yanvar 1874-cü ildə Qazax qəzasının Qazaxlı kəndində dünyaya gəlib. Əmisi Əliağa Şıxlinski onu Tiflisdəki zadəganlar üçün kadet korpusuna oxumağa göndərib. Sonra Peterburqda Mixaylov Topçuluq Məktəbində oxuyub, 1912-ci ildə kapitan rütbəsində 39-cu artilleriya briqadasının 1-ci rotasının komandiri olub. Birinci Dünya Müharibəsində tatar polkunun tərkibində vuruşub, "Müqəddəs Georgi" və "Müqəddəs Vladimir" ordenləri ilə təltif edilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkilində müstəsna xidmətlər göstərib. 1918-ci ildə yenicə yaradılan Milli Ordunun 1-ci diviziyasına komandan təyin edilib, 1919-cu ildə onun komandanlığı altında nizami ordu hissələri Zəngəzuru ermənilərdən təmizləyib. 1920-ci ilin mayında istilaçı bolşevik işğalına qarşı Gəncədə qalxan üsyana başçılıq edib. Üsyan yatırıldıqdan sonra Cavad bəy Tiflisdən keçməklə İrana mühacirət edib. Sonralar Türkiyəyə köç edərək, ömrünün sonlarınadək orada yaşayıb və 1959-cu ildə Türkiyədə vəfat edib. O, Gəncə üsyanından sonra güllələnmiş polkovnik Rüstəm bəy Şıxlinskinin qardaşı, xalq yazıçısı İsmayıl Şıxlının dayısıdır. KÖVKƏB SƏFƏRƏLİYEVA (1907-1985) Azərbaycanın ilk pianoçu-pedaqoqu, professor, publisist, maarifçi, xalq artisti Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ilin bu günü Bakı şəhərində anadan olub. 1915-ci ildə Marinski adına ümumtəhsil məktəbinə daxil olub. 1926-cı ildə Musiqi texnikumunu bitirib və Türk Qadın Seminariyasında pedaqoji fəaliyyətinə başlayıb. 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini bitirib, 1952-ci ildə isə həmin tədris müəssisəsinin professoru olub. 1937-ci ildə Konservatoriyanın nəzdində indiki Bülbül adına orta ixtisas musiqi məktəbini yaradıb və 1937-1952-ci illərdə onun direktoru olub. Bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir. Bəstəkar Asəf Zeynallının həyat yoldaşı olan Kövkəb Səfərəliyeva 27 iyun 1985-ci ildə Bakıda dünyasını dəyişib. 16 nömrəli uşaq musiqi məktəbi onun daşıyır. SONA TAĞIYEVA (1916-2004) Azərbaycanın əməkdar müəllimi Sona Hənifə qızı Tağıyeva 1916-cı il yanvarın 3-də Bakıda anadan olub. Yeddiillik məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb, təhsilini fəhlə-gənclər məktəbinin axşam şöbəsində davam etdirib. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunun hazırlıq şöbəsinə daxil olub, daha sonra Azərbaycan Dövlət Universitetində təhsil alıb. 1940-cı ildə ali təhsilini başa vurub və pedaqoji fəaliyyətə başlayıb. 1942-1945-ci illərdə rayon xalq maarifi şöbəsinin müdiri olub. 1945-ci ildə Bakıdakı 190 nömrəli məktəbin direktoru təyin edilib və nümunəvi təhsil ocağına çevirdiyi bu müəssisədə ömrünün axırına qədər çalışıb. "Şöhrət" ordeni ilə təltif edilən Sona Tağıyeva 2004-cü il aprelin 3-də Bakıda vəfat edib. MÜŞFİQ MİRZƏYEV (1970-1993) Şəhid Müşfiq Mustafa oğlu Mirzəyev 1970-ci ilin bu günü Ermənistanın Cermuk şəhərində anadan olub, orta məktəbi orada bitirib. 1988-1990-ci illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətini Monqolustanda yerinə yetirib. 1992-ci ilin mart ayından Qarabağ müharibəsində iştirak edib, bölmə komandiri olub. 1993-cü il fevralın 13-də baş verən döyüşdə ağır yaralanaraq, üç gün sonra vəfat edib və Mingəçevirin Şəhidlər Xiyabanında dəfn edilib. Çavuş Müşfiq Mirzəyev Azərbaycan Prezidentinin 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. CAVAD XAN (1748-1804) Gəncə xanlığının sonuncu hökmdarı, Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi Cavad xan Ziyadoğlu Qacar 1748-ci ildə Gəncə şəhərində doğulub. 1756-1761-ci illərdə Gəncə xanı olmuş Şahverdi xanın oğludur. 1786-cı ildən Gəncə xanlığına rəhbərlik etməyə başlayıb. XIX əsrin əvvəllərində Rusiya imperiyası Azərbaycanın işğalı planını icra etmək üçün ilk olaraq strateji önəmə malik Gəncəni ələ keçirmək qərara alınıb. Rusiya imperiyasının Qafqaz canişini, general Sisianov Cavad xana bir neçə dəfə təslim olmağı təklif etsə də, bu istəyi rədd edilib. 1803-cü il noyabrın 20-də rus ordusu Tiflisdən Gəncə üzərinə yeriyib və dekabr ayında şəhəri mühasirəyə alıb. 1804-cü il yanvarın 3-də rus ordusunun iki istiqamətdən şəhər üzərinə güclü hücumu başlayıb və üçüncü cəhddən sonra ruslar qalanı ələ keçirə bilib. Cavad xan və oğlu Hüseynqulu xanın da qəhrəmancasına həlak olduğu bu döyüşdə Gəncənin iki mindən çox müdafiəçisi öz həyatını itirib. İşğaldan sonra şəhərin adı dəyişdirilərək, çar I Aleksandrın arvadı Yelizavetanın şəhərinə Yelizavetpol adlandırılıb. Cavad xan Gəncədə I Şah Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunub. 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası zamanı onun məzarı dağıdılıb. Lakin xalq bu qəhrəman övladının cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayıb. 1990-cı il martın 27-də Cavad xanın nəşi öz əvvəlki yerində torpağa tapşırılıb və üzərində məqbərə ucaldılıb. SƏMƏD MƏNSUR (1879-1927) Şair və teatr xadimi Səməd Mənsurun anım günüdür. Səməd Hacı Əhməd oğlu Kazımov 1879-cu il yanvarın 31-də Bakıda anadan olub. İlk təhsilini rus-müsəlman məktəbində alıb. 1905-ci ildən sonra şeirləri ilə mətbuatda çıxış edib, kiçik pyeslər yazıb. 1907-ci ildə Bakıda təsis edilən "Səfa" cəmiyyətinin yaradıcısı olub. Ömrünün sonlarında Xalq Komissarları Sovetində ümumi idarə müdiri vəzifəsində çalışıb, şairlik fəaliyyətini satira və romantika xətti ilə davam etdirib. Səməd Mənsur 1927-ci il yanvarın 3-də Bakıda faciəli şəkildə həlak olub. YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ (1887-1943) Görkəmli Azərbaycan yazıçısı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminli də bu gün xatırlanır. O, 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub. Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində, Şuşa realnı məktəbində və Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin Hüquq fakültəsində təhsil alıb. Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə birgə Müsavat Partiyasının Kiyev şöbəsini qurub və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ukraynada diplomatik nümayəndə təyin edilib. Sovet işğalından sonra "Bakı işçisi" nəşriyyatında şöbə redaktoru, Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil, Özbəkistan SSR-in Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim, institut kitabxanasında müdir işləyib, müxtəlif institutlarda rus dilindən dərs deyib. Əsərlərini "Bədbəxt", "Haqq tərəfdarı", "Musəvi", "Stradayuşiy", "Sərsəm" və başqa təxəllüslərlə qələmə alan yazıçının ən tanınmış təxəllüsü "Çəmənzəminli"dir. "İki od arasında (Qan içində)", "Qızlar bulağı", "Studentlər", "Bir cavanın dəftəri", "Qanlı göz yaşları" və başqa əsərlərin müəllifidir. 1940-cı ildə "xalq düşməni" kimi Özbəkistanda həbs edilərək Bakıya gətirilən ədib daha sonra Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə bir çox digər repressiya qurbanları kimi, ona da bəraət verilib. ŞAHLAR ƏSGƏROV (1962-1994) Şəhid Şahlar Firudin oğlu Əsgərovun xatirə günüdür. O, 5 yanvar 1962-ci ildə Füzuli rayonunun Yal Pirəhmədli kəndində anadan olub. Orta təhsilini Qarğabazar kəndindəki Pənah Qasımov adlı orta məktəbdə başa vurub. 1983-cü ildə ailə qurandan sonra Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda çilingər işləməyə başlayıb. 1993-cü il noyabrın 5-də könüllü olaraq "Qaradağ batalyonu"nun tərkibində cəbhəyə yola düşüb. 1993-cü il noyabrın 17-də Şahlar Əsgərovun xidmət etdiyi batalyon Murovdağa yollanıb. Şahlar Əsgərov 1994-cü ilin yanvarın 3-də Kəlbəcərin bir kəndi uğrunda döyüşdən qayıdanda Murovdağda bir neçə əsgərlə birlikdə qar uçqununa düşərək şəhid olub və Qaradağ rayonunda dəfn edilib. Qaradağ rayonunun Sahil qəsəbəsində küçələrdən biri Şahlar onun adını daşıyır.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə