“Maye balansını qorumaq üçün ən faydalı seçimlərdən biri təmiz su və süzülmüş ayrandır. Lakin hava istiliyi artdıqca bir çox insanlar susuzluğu aradan qaldırmaq üçün qazlı, rəngli və şəkərli içkilərə üstünlük verirlər. Bu isə sağlamlıq baxımından ciddi risklər yaradır”.
Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, belə içkilərin tərkibində yüksək miqdarda şəkər olur;
“Bu da artıq çəki və piylənmə ilə yanaşı, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Eyni zamanda yüksək şəkər dişlərə və ağız boşluğuna zərər verir.
Qazlı və şəkərli içkilər xoş dadlı olduğu üçün insanlar çox vaxt onların miqdarına nəzarət edə bilmirlər. Uzun müddət və həddindən artıq istifadə isə ürək-damar xəstəlikləri riskini artırır. Bu içkilərin tərkibində olan kimyəvi qatqılar xüsusilə gənclərdə fiziki inkişafın ləngiməsinə səbəb ola bilər. Allergiyaya meyilli insanlarda isə bu qatqılar müxtəlif sağlamlıq problemləri yaradır.
Bəzi hallarda içkilərə əlavə olunan süni boyalar və maddələr yetkin insanlarda belə hiperaktivlik və aqressivlik kimi hallara səbəb ola bilər. Buna görə bu cür içkilərin gündəlik istifadə edilməsi tövsiyə olunmur.
Ən düzgün seçimlər su, ayran və az şəkərli, təbii mövsümi meyvə kompotlarıdır. Bu içkilər həm daha faydalıdır, həm də az kalorilidir.
Digər vacib məqam isə qazlı və şəkərli içkilərin yeməklə birlikdə qəbul edilməsidir. Bu, həzm sisteminə mənfi təsir göstərir, şişkinlik, qarın ağrısı və narahatlıq yaradır. Ona görə də bu cür içkiləri yeməklə birlikdə içməkdən çəkinmək tövsiyə olunur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB