"Energetik sulardan heç istifadə etməsin" - RƏYLƏR

"Qazlı içkilər dad baxımından çox cəlbedici olsa da onların müntəzəm istifadəsi bir çox hallarda insan orqanizminə mənfi təsir göstərmiş olur və bu mənfi təsirlər də ilk növbədə özünü həzm sistemində büruzə verir. Belə ki, qazlı içkilərin tərkibində olan karbon qazı qarın boşluğunda şişlinlik yaradaraq qarındaxili təzyiqi artırır və mədədə xlorit turşusunun geri qayıtmasına və nəticədə "Ezofaqeal reflyuks" kimi xəstəliyin yaranmasına səbəb olur. Bu da öz növbəsində qıcqırma, göynəmə, yanma və qarın boşluğunda ciddi bir diskomforta səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə, şirin qazlı içkilərin tərkibində olan fruktoza qaraciyərdə yığılaraq piy təbəqəsinin artmasına və qaraciyərin yağlanmasına gətirib çıxarır: "Nəticədə piylənməyə meyillilik artır və bir çox hallarda mədəaltı vəzi tərəfindən ifraz olunan insulinə qarşı bir rezidentlik yaranır və insulin dirənci yaradığı halda artıq şəkərli diabetə bir addım daha yaxınlaşmış oluruq. Heç kəsə sirr deyil ki, qazlı içkilərin tərkibində fosfor turşusu olur və bu fosfor turşusu da, ümumiyyətlə orqanizmdə kalsiumun mənimsənilməsini pozur. Nəticə etibarilə sümüklərdə ərimə, osteoporoz dəyişikliklərdə emalın qaşınması, çürümə kimi sümüklərin zəfələnməsinə gətirb çıxarır. Eyni zamanda fosfor turşusu böyrəklərdə fosfat duzunun artması və nəticədə böyrək daşına da gətirib çıxara bilir.

Qazlı içkilərin və xüsusilə də hansıların ki, tərkibində konservantlar var, bir çox asılılıq yaradan maddələr onların tərkibinə vurulur. Bunlardan biri kofeindir. Onlar ciddi şəkildə asılılq yaradır və nəticədə insanlar artıq bu daddan başqa bir dada meyl etmirlər və hər gün bunlardan istifadə etmək üçün can atırlar. Bunlardan müntəzəm istifadə edildiyi üçün bu sadaladığım problemlər olur. Tövsiyə edərdim ki, insanlar təbii mineral sulardan istifadə etsin. Qazlı, şirin və xüsusilə də, energetik sulardan heç istifadə etməsinlər. Çünki bunlar zaman-zaman insan orqanizminə mənfi təsirlər və fəsadlı bir xəstəliklərə gətirib çıxara bilirlər".

Həmçinin məsələ ilə bağlı allerqoloq Şahvələd Məmmədov da fikirlərini bildirib. Onun sözlərinə görə, qazlı içkilər oksigenlə qazlaşdırılması nəzərdə tutulur: "Qazlı içkilərin insan orqanizminə ziyanlı cəhətləri çoxdur. Ona görə ki, mədənin selikli qişasını qıcıqlandırır. Qastrit, xora və digər buna bənzər xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Ancaq bəzi versiyalara görə qazlı su oksigenlə qazlaşdırıldığına görə, onlar mədə-bağırsaqda bəzi mikrobların məhvinə gətirib çıxardır".

Həkim-allerqoloq həmçinin qeyd edir ki, qazlı içkilər uşaqlarda, yeniyetmələrdə çox ciddi fəsadlara səbəb ola bilər: "Birinci növbədə yeniyetmələr üçün əks göstərişdir. İstər "Fanta" olsun, istərsə də "CoCa-Cola" olsun, istənilən qazlaşdırılmış mineral su uşaq orqanizminə çox zərərlidir. Çünki mədə bağırsaq sisteminin iltihabına gətirib çıxara bilər. Bununla yanaşı qazlı içkilər mədə bağırsaq problemləri olan insanlar üçün daha təhlükəlidir. Son anda mədə xərçənginə də gətirib çıxara bilər. Bədənin selikli qişası pozula bilər və ağır fəsadlara gətirib çıxara bilər".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə