Qazaxıstan vətəndaşı Şarm əl-Şeyx hava limanında bədbəxt hadisə nəticəsində ölüb

Misirin Şarm əl-Şeyx hava limanının uçuş zonasında reklam lövhəsinin altında qalan Qazaxıstan vətəndaşı ölüb. SİA xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

Onun sözlərinə görə, daha iki Qazaxıstan vətəndaşı yüngül xəsarətlər alıb. Ölən şəxsin qohumları ilə artıq əlaqə qurulub, zərərçəkənlərə tibbi yardım göstərilib, onların sağlamlığına heç bir təhlükə yoxdur.

“Misir tərəfi Qazaxıstan vətəndaşının faciəli ölümü ilə bağlı səmimi başsağlığı verir. Misirin mülki aviasiya naziri bu hadisəni şəxsi nəzarətinə götürüb və dərhal hadisə yerinə komissiya göndərib. Hazırda hadisə yerində istintaq tədbirləri aparılır. Qazaxıstan səfirliyi də bu hadisəni xüsusi nəzarətə götürüb”, – Smadiyarov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə