"Bu, düşünülmüş bir planın tərkib hissəsi idi" - ŞƏRH EDİLDİ

"Azərbaycan Dövlət Neft Akademiyasında illər öncə baş vermiş terror hadisəsi, əlbəttə ki, təsadüfi bir hadisə deyildir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, bu, düşünülmüş bir planın tərkib hissəsi idi: "Azərbaycan cəmiyyətində xof yaratmaq və cəmiyyətdə ruh düşkünlüyünü daha da gücləndirmək məqsədi ilə belə bir terror aksiyasına cəhd edilir. Bu terror məhz həm də təşvişlə bərabər cəmiyyətdə qorxu hissini gücləndirmək eyni zamanda cəmiyyətin müqavimətini zəiflətmək məqsədi ilə həyata keçirilən bir addım idi.

Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.

Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Bu, Azərbaycanın müasir tarixində ən kədərli günlərdən biridir. Bu terror aktı bir nəfərin edə biləcəyi terror aktı deyildir. Bunun kənar dövlətlər tərəfindən planlandığı və sifariş edildiyi də ciddi şəkildə ehtimallar arasındadır və məhz bununla da həmin ölkələr Azərbaycanı zəif vəziyyətə salmaq və bu zəif vəziyyəti saxlamaqla Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ilə bağlı düşüncələri unutdurmağa çalışırdılar. Amma bu terror aktı xeyli gəncin həyatına son qoysa da, sonunda öz hədəfinə çatmadı. Azərbaycan cəmiyyəti bu cür təhdidlərə boyun əymədi, özünün müstəqilliyini, suverenliyini torpaqların azadlığı uğrunda mübarizəni davam etdirdi və bu hədəflərinə çatdı".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə