Gənclərin çağırışı: Daha güclü Azərbaycan naminə “İlhamla irəli”

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi növbəti görüşün iştirakçıları ilk dəfə səs verəcək gənclər idi.

Gənclərə müraciət edərək ilk dəfə olaraq vətəndaşlıq borclarını yerinə yetirəcəklərinə görə onları təbrik edib, onları 11 apreldə birlik və həmrəylik göstərəcəklərinə əminliyini bildirən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov ölkəmizin həyatında mühüm hadisə olan prezident seçkilərinin əhəmiyyəti barədə danışaraq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və gənclərin hamisi kimi yeni nəslin nümayəndələrinə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan, qəbul olunan qərar və qanunların tətbiqi ilə bağlı qazanılan uğurlardan danışdı.

YAP İdarə Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vurğuladı ki, Azərbaycan xalqı xoşbəxtdir ona görə ki, xalqımıza daim etibarlı bələdçi olan, müstəqilliyimizin qarantı, dünya şöhrətli siyasətçi Heydər Əliyev kimi liderinin ideyaları daim yaşayır və cənab İlham Əliyev kimi davamçısı, dövlət başçımız var:

- Siz gənclər ilk dəfə olaraq ölkəmizin siyasi həyatında mühüm hadisə olan prezident seçkilərində iştirak edərək taleyinizi kimə etibar edəcəyinizlə bağlı seçiminizi bildirəcəksiniz. İntibah dövrü kimi tarixə yazılan ötən 15 ildə Azərbaycanın sosial-iqtisadi, demokratiya, diplomatiya sahəsində qazandığı uğurlar ölkəmizi regionun, dünyanın lider dövlətinə çevirdi. Ulu Öndər 200 dövlət arasında qabaqcıl yerlərdən birini tutan Azərbaycanın inkişaf konsepsiyasını düşünülmüş, uzaqgörən siyasəti ilə müəyyənləşdirmişsə, bu strategiyanın bəzi prioritetlərinin həyata keçirilməsi Prezident İlham Əliyevə nəsib oldu. Siyasətçilər Azərbaycanı 58 müsəlman ölkəsinin üzüyünün qaşı adlandırırlar. Bu müqayisənin özü bəşəri dəyərləri milli mənəvi dəyərlərimizə inteqrasiya edən Azərbaycanın dünyada maraq doğuran nüfuz və mövqeyinin etirafıdır. Yaşınız az olsa da bu gün Azərbaycanın dünyada möhkəmlənən mövqeyini qiymətləndirmək düşüncəsindəsiniz. Adətən belə deyirlər ki, 18-25 yaş arasındakı müddət insanın gələcək həyatı üçün həlledici dövrdür. Belə ki, ətrafda baş verən hadisələri ağlı, zəkası ilə təhlil edib özünün gələcəyini düzgün müəyyənləşdirənlər gələcək həyatında mütləq istədiyi məqama yüksəlməyi bacarırlar. 11 apreldə isə siz gənclər təkcə öz taleyinizi müəyyənləşdirməyəcəksiniz. Çoxmilyonlu Azərbaycan xalqının düzgün seçimində iştirak edərək bütünlükdə ölkəmizin gələcək uğurlarının qazanılmasına təminat verəcəksiniz. Bu baxımdan hər biriniz sağlam düşüncə ilə seçiminizi etməli, ən layiqli namizədə etimad göstərməlisiniz. Bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı dünyanın ən inkişaf etmiş dövlətində belə müşahidə olunmur. Dünya birliyinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan təkcə iqtisadi, siyasi, diplomatik uğurları ilə tanınmır. İnkişaf yolu ilə gələcəyə doğru addımlayan respublikamız, eyni zamanda, idman ölkəsi kimi də tanınır. Bu şansı gənclərə qazandıran isə gənclərin hamisi Prezident İlham Əliyevdir. Əminəm ki, Azərbaycan xalqının gələcəyinin etibarlı təminatçısı kimi 11 apreldə seçici kimi YAP-ın namizədi, gənclərin hamisi cənab İlham Əliyevə inam və etimadınızı ona səs verməklə bildirəcəksiniz.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxışında 2003-2018-ci illər arasında qazanılan uğurlar, ölkənin iqtisadi inkişafının ayrı-ayrı sahələri üzrə əldə olunan nailiyyətlər barədə danışaraq bildirdi ki, bu illər ərzində əldə olunan uğurlarda ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının böyük rolu olmuşdur:

- Məhz bu strategiyanın düzgün istiqamətləndirilməsi nəticəsində tükənməz sərvətimiz olan “qara qızıl” xalqımızı ağ günə çıxardı. Qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasının nəticəsidir ki, əsrlərlə tarixi olan qüdrətli ölkələrlə eyni sırada yer alan Azərbaycanın diplomatik sahədə qazandığı uğurlar da ölkəmizə əlavə şans qazandırır. Azərbaycan artıq o ölkələrdəndir ki, bölgədə, dünya siyasətində sözü eşidilir, mühüm hadisələrin həllində mövqeyi nəzərə alınır. Daxili və xarici siyasətini müstəqil dövlət kimi müəyyənləşdirərək başqalarının təsirlərinə məruz qalmır. Qazanılan bu uğurlar isə ulu öndər Heydər Əliyev məktəbini davam etdirən cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, düşünülmüş siyasətinin ifadəsidir. Bu siyasətin davamı isə bütünlükdə Azərbaycan xalqının istəyi , arzusu, ölkəmizin daha uğurlu sabahına aparan yola inamdır. İnanırıq ki, ölkə vətəndaşları arasında çoxluq təşkil edən siz gənclər “İlhamla irəli” çağırışını səsinizlə təsdiqləyəcəksiniz.

Milli Məclisin deputatı Ülvi Quliyev gənclərə müraciətinə Azərbaycanın idman sahəsində qazandığı uğurlardan bəhs etməklə başladı. Bildirdi ki, müstəqil ölkə kimi ilk dəfə Atlanta yarışlarında iştirak edərək Azərbaycanın qismətinə 1 gümüş medal, Sidney görüşündə ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandıran, Afinada, Pekində, Londonda, Çində, Rio-de Janeyreda qələbələrinin sayını artıran azərbaycanlı gənclər ölkəmizin idman şərəfini qoruyaraq bayrağımızı uca pilləyə qaldırdılar:

-Tarixi nailiyyətlər gənclərimizin idmana maraq və həvəsini daha da artırdı. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. “Həmrəylik bizim gücümüzdür” devizi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız müsəlman ölkələrinin iştirak etdikləri yarışların qalibi oldu. Bu uğurlar təhsildə, səhiyyədə, mədəniyyətdə, diplomatik sahədə çalışan gənclərin sevincinə səbəb olmaqa, ölkədə idmana kütləvi maraq yaratdı.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında yer alan idman komplekslərinin istifadəyə verilməsi isə gənclərin fiziki sağlamlığının qorunmasıdır. Bu, onu göstərir ki, iqtisadi potensialı insan kapitalına çevirmək kimi məsul vəzifəni qarşıya qoyan, “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, insan amili dayanır” söyləyən cənab İlham Əliyev vədlərini əməli işi ilə doğruldur.

YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov bildirdi ki, düşünülmüş siyasəti, xalq-iqtidar birliyi olan ölkələrdə nailiyyətlərdən danışmaq təbiidir:

- Azərbaycan elə qüdrətli ölkələrdəndir ki, artıq onunla müqayisə oluna biləcək dövlətlər də ölkəmizin inkişaf konsepsiyasından təcrübə kimi bəhrələnir, ölkəmizin tolerantlıq, multikultural dəyərlərinin təbliğinə maraq göstərirlər.

YAP Yasamal rayon təşkilatının sədr müavini, akademik Qərib Məmmədov da ürək sözlərini bildirdi. Vurğuladı ki, şəhər və kəndlərimizdə keçirilən görüşlərdə seçicilərin cənab İlham Əliyev haqqında söylədiyi ürəkdən gələn səmimi sözlər onun ən inanılmış, etibarlı təbliğatıdır.

Gənclər də YAP-ın namizədi cənab İlham Əliyevə sonsuz inamlarını onunla həmrəylikləri ilə bildirəcəklərini söylədilər:

Elmira Ələsgərova: Azərbaycan gəncliyi ona görə xoşbəxtdir ki, bizim cənab İlham Əliyev kimi liderimiz, hamimiz var. Biz gələcəkdə də onun daxili və xarici siyasətini dəstəkləyəcək, vətəndaşlıq məsuliyyətimizi xalqımıza göstərdiyimiz əməli işimizlə doğruldacağıq.

Fəxri Ağayev: Gənclik tükənməz qüvvə, yenilik, müasirlik deməkdir. YAP-ın namizədi cənab İlham Əliyev bütün çıxışlarında Azərbaycanı dünyanın ən müasir ölkələrindən birinə çevirəcəyini söyləyir. Biz xoşbəxtik ona görə ki, bu quruculuq işlərində xidmətimiz, payımız olacaq. Mən də “İlhamla irəli” deyərək bu siyasətin davamına səs verəcəyəm.

Şəhriyar Məmmədov: 2016-cı ildə keçirilən ümumxalq referendumu biz gənclərin ölkənin siyasi-ictimai həyatında fəal iştirakı üçün geniş imkanlar yaratdı. Gənclərə dövlət təşkilatlarında , yerli idarəetmə strukturlarında geniş yer verilməsi o deməkdir ki, Azərbaycanın gələcəyi bizim düşüncə tərzimiz, gücümüzlə bağlıdır. Mən Azərbaycanın daha möhtəşəm gələcəyinə, cənab İlham Əliyevə səs verəcəyəm.

Əsmər Nəbiyeva: Azərbaycanda gənclərə göstərilən qayğının ifadəsi kimi təhsilə göstərilən diqqət nümunədir. Orta məktəblərdə, ali təhsil ocaqlarında yaradılan şərait, ən müasir texnologiyaların tətbiqi, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üçün yaradılan şərait sabahımıza təminatdır. Biz gənclər İlhamlı gələcəyə etimad göstərəcəyik.

Azər Qasımzadə: Azərbaycan gəncləri sağlam, demokratik düşüncəli, siyasi hazırlıqlıdırlar. Bu baxımdan sosial şəbəkələrdə ölkəmizdəki inkişafı gözdən salmaq üçün bir qrup Vətən xaininin, naxələfin təxribat xarakterli, etik normadan kənar sözlərini qısqanclıq, satqınlıq kimi qəbul edirik. Özünü azərbaycanlı adlandırıb başqalarının dili ilə danışan belə qaragüruhçulara “ar olsun” deyirik. Özgə qapılarında əl açıb dilənən xainlər istəsələr də Azərbaycan xalqının, gənclərin şüurlarını çirkin sözləri, böhtanları ilə zəhərləyə bilməyəcəklər. Bizim bir namizədimiz, bir seçimimiz var: cənab İlham Əliyev. Ona da etimad göstərəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə