İstəyirik ki, Azərbaycan deyiləndə Azərbaycanın kəşfləri, elmli insanları yada düşsün - DEPUTAT ŞƏRH ETDİ

"Binə qəsəbəsində Tədris və Xidmət Kompleksinin açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı onu göstərir ki, bu tədris Azərbaycan tarixində uğurlu açılışlardan biridir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, təhsil həyatın elə bir sahəsidir ki hər bir insan təhsildən bəhrələnmək istəyir: "Təhsil sahəsi ilə həyatın bütün məqamlarında uğur əldə etmək istəyir. Təbii ki, zaman öz sözünü deyir. 21-ci əsrin təhsili 19-cu əsrin təhsili deyil. Son nəticədə bunların hər biri insanın zəkasının möhkəmlənməsinə, elmin ayrı-ayrı sahələrində uğur qazanmasına gətirib çıxarsa da amma təbii ki, yollar ayrıdır. 21-ci əsr texnika, informasiya əsridir. Müasir texniki vasitələr əsridir. Vaxtilə nağıllarda arzuladığımız bu gün artıq real həyatda var. Təbii ki, bunu telefonla bağlı, onlayn formada olan tədbirlərlə bağlı bir daha görürük. Bu mənada Azərbaycanda təhsil sahəsində son dövrün uğurları kifayət qədər olsa da bu uğurlar üzərinə yeniləri də gəlməlidir. Binə qəsəbəsində Azərbaycanın dövlət başçısı və Birinci vitse-prezident tərəfindən açılışı olan tədris mərkəzi onu göstərir ki, bu gün burada açılırsa sabah isə başqa bölgələrdə də bu tip açılışlar olacaq. Yəni təhsillə bağlı müasir dövrün hansı tələbləri varsa bir dövlət olaraq biz bunun üçün mübarizə aparırıq.

Bu gün Azərbaycan öz nefti, qazı, pambığı, üzümü ilə dünyada tanınır. Amma ən böyük istəyimiz və gələcək üçün planımız isə bundan ibarətdir ki, Azərbaycan insan zəkası, insan biliyi ilə uğurlara nail olsun. Bu gün Azərbaycan tələbəsi dünyanın ayrı-ayrı şəhərlərində məşhur universitetlərində fərd olaraq var. Amma biz istəyirik ki, Azərbaycan deyiləndə Azərbaycanın kəşfləri, elmli insanları yada düşsün. Eyni zamanda Azərbaycanın dünya elminə verdiyi töhfələr diqqəti cəlb etsin. Bu mənada da bu cür tədris mərkəzlərinin açılmasına ehtiyac var. Təhsil heç bir zamanda bir yerdə dayanmır. İnsan yaşı artdıqca təhsilə olan münsaibət də dəyişir təhsilin ehtiyacları da artır. Həm də elm inkişaf edirsə, elmi zirvəyə qaldıran da təhsildir. Təhsil təhsilli insanlar olmalıdırlar ki, onların öyrətdikləri də elmin son zirvələrinə çata bilsin. Bu mənada müstəqil Azərbaycan da dünya elminə miqrasiya etməklə özünün nümunəvi tədris mərkəzləri ilə dünya elminə müəyyən uğurlar verə bilər və verir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə