Şəhid olmuş 354 məzun və 20 müəlliminin xatirəsi anılıb - FOTOLAR

"Bu müharibə xalqımızın şərəf, ləyaqət müharibəsi idi, 44 günlük müharibə tək torpaqlarımızı deyil, Azərbaycan xalqının qürurunu və şərəfini də geri qaytardı". SİA xəbər verir ki, bunu Bakı şəhəri Təhsil İdarəsinin (BŞTİ) rəhbəri Mehriban Vəliyeva Bakıda 56 nömrəli tam orta məktəbdə keçirilən anım mərasimində deyib.

O, Bakı məktəblərinin şəhid olmuş 354 məzunu və 20 müəlliminin xatirəsini də anıb.

Qeyd edək, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 27 sentyabr Anım gününə həsr olunan "Hər məktəbdə 44 ağac" devizi altında ağacəkmə aksiyası keçirilib. 56 nömrəli tam orta məktəbdə təşkil olunan ağacəkmə aksiyasında BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, milli qəhrəman və şəhidin valideynləri, məktəb direktorları, müəllimlər, şagirdlər, həmçinin KİV nümayəndələri və digər qonaqlar iştirak edib. Tədbir Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu bildirən BŞTİ müdiri Mehriban Vəliyeva hər birimizin xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb.

Tədbirdə çıxış edən İdarə müdiri təhsil işçiləri tərəfindən ağacəkmə aksiyalarının geniş vüsət aldığını və bu cür təşəbbüslərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycanda ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm verildiyini söyləyən M.Vəliyeva aksiyanın məktəblilər arasında və cəmiyyətdə ekoloji mədəniyyəti yüksəltmək, təbiətə olan qayğı hissini təbliğ etmək baxımından da faydalı olduğunu vurğulayıb.

BŞTİ müdiri müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş strateji inkişaf xəttinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb.

M.Vəliyeva paytaxt üzrə Vətən Müharibəsində iştirak edən 38 təhsil işçisinin qəhrəmanlıqlarından danışıb. Qeyd edib ki, Bakı üzrə çoxsaylı təhsil işçiləri cəbhəyə zəruri dəstək və kommunikasiya işlərində də yaxından iştirak edib.

İdarə müdiri daha sonra BŞTİ tərəfindən Vətən Müharibəsində iştirak edən müəllimlər və şəhid övladları ilə keçirilən görüşlər haqqında məlumat verib.

Qeyd edək ki, ağacəkmə aksiyası BŞTİ-nin tabeliyindəki bütün məktəblərdə keçirilib.

Anım Gününə həsr olunan “Hər məktəbdə 44 ağac” devizi altında paytaxtdakı ümumi təhsil məktəblərində yeni yaşıllıq zolaqları salınıb, çoxsaylı ağaclar əkilib.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə