Cəmiyyətimiz rus dilinə meyillilikdən xilas olmalıdır- - DEPUTAT BİLDİRDİ

"Hesab edirəm ki, məktəblərdə rus bölməsinə olan tələbatın əsas səbəblərindən biri uzun illərdir insanlarımızda formalaşmış yanlış stereotipdir. Belə düşünürlər ki, rus dilində təhsil daha güclüdür. Təəssüf ki, belə fikirlər vətəndaşlarımızın beynini işğal edib. Bu, sovet dövründən qalmış bir tendensiyadır. İnsanlar bundan xilas olmalıdır".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, digər illərlə müqayisədə bu il rus bölməsinə olan qeydiyyatın azalma səbəblərindən biri müəyyən bir müddət bu məsələnin gündəmdə saxlanılmasıdır: "Dəfələrlə bu məsələyə öz münasibətimizi və reaksiyamızı bildirmişdik. İnsanlarımız da artıq bu reallıqları anlayırlar. Ona görə də bu il azalma müşahidə edə bilirik. Amma bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyətində rus dilinə meyilli vətəndaşlar çoxdur".

Deputat sözlərinə davam edərək bildirib ki, bəzi Azərbaycan ailələrinin övladları öz dilimizdə normal şəkildə danışa bilmir: "Bu da ciddi bir problemdir. İlk növbədə öz dilimizi yaxşı mənimsəməli, daha sonra isə digər dilləri mənimsəməliyik. Əlbəttə ki, bizə kütləvi formada olmasa da rus dili də lazımdır. Bəzi qism insanlar iş həyatında, bəzi qism insanlar informasiya müharibəsində fəal olmaq üçün bu dili öyrənməli olurlar. Amma kütləvi şəkildə rus dilində danışmaq lazım deyil. Əminəm ki, zamanla insanlarımızın bu məsələyə düzgün baxışı formalaşacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə