“Bu, Azərbaycanın rəqabətqabiliyyətli qeyri-neft sektorunun inkişafına töhfə verə bilər” - ŞƏRH

“Bu, Azərbaycanın rəqabətqabiliyyətli qeyri-neft sektorunun inkişafına töhfə verə bilər” - ŞƏRH

“Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin fəaliyyətə başlaması Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi və əczaçılıq sənayesinin inkişafı baxımından əhəmiyyətli addımdır. Müəssisədə istehsal olunacaq yüksək keyfiyyətli dərman preparatlarının ilk növbədə ölkədaxili tələbatın ödənilməsinə, eyni zamanda region ölkələrinə ixracın həyata keçirilməsinə imkan verəcəyi gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, yerli dərman istehsalının genişləndirilməsi həm ölkənin idxaldan asılılığının azaldılmasına, həm də dərman preparatlarının idxalına sərf olunan valyutanın ölkədən çıxışının azalmasına şərait yarada bilər:

“Digər tərəfdən, istehsal olunan məhsulların xarici bazarlara çıxarılması əlavə valyuta daxilolmalarının formalaşmasına və ixracın şaxələndirilməsinə töhfə verəcək.

Ümumilikdə, Pirallahı Sənaye Parkında 8 rezident qeydiyyatdan keçib. Sənaye parklarında rezidentlərə təqdim olunan vergi və digər güzəştlər investisiya qoyuluşlarının stimullaşdırılmasına və yeni istehsal sahələrinin yaradılmasına imkan verir. Bu baxımdan, yeni fəaliyyətə başlayan dərman istehsalı müəssisəsinin də 7 milyon manatdan çox ƏDV güzəşti əldə etməsi investisiya yükünün azaldılması və istehsalın təşviqi baxımından mühüm amildir.

Müəssisənin qarşıdakı 5 il ərzində 500-dən çox adda dərman preparatının istehsalını həyata keçirməsi və ixrac coğrafiyasını genişləndirməsi nəzərdə tutulur. İnkişaf etmiş ölkələrdən idxal olunan müasir avadanlıqlar isə beynəlxalq standartlara uyğun dərman preparatlarının istehsalına imkan verəcək. Bu, həm məhsul çeşidinin artırılması, həm də yerli əczaçılıq istehsalının rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir.

Müəssisənin fəaliyyətə başlaması, eyni zamanda, 178-dən çox daimi iş yerinin yaradılmasına imkan verib. Bundan əlavə, müəssisənin Azərbaycan Tibb Universiteti və Qarabağ Universiteti üçün ixtisaslı farmasevt kadrların hazırlanması istiqamətində tədris və təcrübə bazasına çevrilməsi nəzərdə tutulur. Bu baxımdan, burada yalnız istehsalın deyil, həm də insan kapitalının inkişafının təmin edilməsi əczaçılıq sənayesinin uzunmüddətli inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə, sənaye parklarının yaradılması və burada müasir texnologiyalar əsasında istehsal sahələrinin fəaliyyətə başlaması ölkədə yüksək standartlara uyğun məhsulların istehsalının genişləndirilməsinə, daxili tələbatın daha böyük hissəsinin yerli istehsal hesabına ödənilməsinə və ixrac coğrafiyasının genişləndirilməsinə şərait yaradır.

Bu proses nəticə etibarilə iqtisadiyyatın şaxələndirilməsinə, idxaldan asılılığın azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, investisiyaların təşviqinə və Azərbaycanın rəqabətqabiliyyətli qeyri-neft sektorunun inkişafına töhfə verə bilər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə