Pensiyaların indeksləşdirilməsində yeni mexanizm -EKSPERT AÇIQLADI

Pensiyaların indeksləşdirilməsində yeni mexanizm -EKSPERT AÇIQLADI

Pensiyaların hesablanması və indeksləşdirilməsi mexanizminin dəyişdirilməsi bəzi pensiyaçıların gəlirlərinin azalacağı ilə bağlı narahatlıq yaradıb.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov bildirib.
Onun sözlərinə görə, hazırda müzakirə olunan əsas məsələ pensiyaların azaldılması deyil, pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi mexanizminin diferensiallaşdırılmasıdır:

Ekspertin sözlərinə görə, Milli Məclisdə təqdim olunan layihəyə əsasən, orta aylıq əməkhaqqına qədər olan pensiya məbləğinə müəyyən edilən indeksasiya faizi tam tətbiq olunacaq. Pensiya həmin həddən yuxarı olduqda isə yuxarı hissəyə 0,2 və 0,5 əmsallarının tətbiqi nəzərdə tutulur.

A.İbrahimov qeyd edib ki, mexanizmin mahiyyətini rəqəmlərlə izah etmək daha məqsədəuyğundur. Onun sözlərinə görə, 600 manat pensiya alan şəxsin pensiyası 9,3 faiz indeksasiya olunarsa, artım 55,8 manat, yeni pensiya isə 655,8 manat təşkil edir. 1000 manat pensiyada artım 93 manat olur və pensiya 1093 manata çatır. 2000 manat pensiyada isə hesablanma diferensial mexanizmə uyğun aparılır.

“Əgər 9,3 faiz bütün məbləğə tətbiq edilsəydi, 2000 manat pensiyada artım 186 manat olardı. Yeni yanaşmada isə müəyyən edilmiş həddə qədər olan hissəyə tam indeksasiya, həmin həddən yuxarı hissəyə daha aşağı əmsal tətbiq edilir. Nəticədə pensiyanın nominal məbləğinin azalması deyil, əvvəlki mexanizmlə müqayisədə artım məbləğinin daha aşağı olması mümkündür”, – deyə ekspert vurğulayıb.

O bildirib ki, bu fərqin düzgün izah edilməsi vacibdir. Belə ki, 2000 manat pensiya alan şəxsin yeni mexanizm üzrə pensiyası 2000 manatdan aşağı düşmürsə, burada pensiyanın azalmasından söhbət gedə bilməz. Əvvəlki qayda ilə 186 manat artım nəzərdə tutulurdusa, yeni mexanizm həmin artımı daha aşağı məbləğdə müəyyən edə bilər.

Ekspertin sözlərinə görə, konkret nəticə tətbiq olunacaq əmsal və hədlərdən asılı olacaq. O qeyd edib ki, yanaşmanın iqtisadi məntiqi pensiya artımlarının daha diferensial bölüşdürülməsidir.

A.İbrahimovun sözlərinə görə, 2026-cı ildə pensiyalar artıq 9,3 faiz indeksləşdirilib, fərdi hesablarda 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları isə 5,6 faiz artırılıb. Sentyabrın 1-nə orta aylıq pensiya 596 manat, yaşa görə orta aylıq pensiya isə 634 manat təşkil edib.

Ekspert əlavə edib ki, yeni təkliflər paketində məcburi dövlət sosial sığorta haqlarının 85 faizinin şəxslərin fərdi hesablarında qeydə alınması da nəzərdə tutulur. Onun fikrincə, bu dəyişiklik gələcək pensiyanın şəxsin real sığorta iştirakına və topladığı pensiya kapitalına daha sıx bağlanması baxımından əhəmiyyətlidir.

“Pensiya islahatında əsas prinsip ondan ibarət olmalıdır ki, insan işlədiyi müddətdə əldə etdiyi rəsmi əməkhaqqı, ödədiyi sosial sığorta haqqı və formalaşdırdığı pensiya kapitalı ilə gələcək pensiyası arasındakı əlaqəni aydın görə bilsin”, – deyə ekspert bildirib.

A.İbrahimov hesab edir ki, ictimaiyyətə yeni mexanizmin müxtəlif pensiya məbləğlərinə təsirini göstərən konkret hesablamalar təqdim olunmalıdır. Onun fikrincə, 400, 600, 1000, 1500 və 2000 manat pensiya alan şəxslərin mövcud və təklif olunan yeni mexanizm üzrə əldə edəcəyi məbləğlər açıq şəkildə göstərilməlidir.

Ekspert vurğulayıb ki, pensiya sisteminin qarşısında əsas tələblər maliyyə dayanıqlığı və sosial ədalətdir. Onun sözlərinə görə, sistem dövlət üçün uzunmüddətli maliyyə yükünü idarəolunan saxlamalı, vətəndaş üçün isə aydın və proqnozlaşdırıla bilən qaydalar yaratmalıdır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə