“Bu, Azərbaycanın qlobal investisiyanın vazkeçilməz bir parçası olduğunu növbəti dəfə təsdiqləyir” - ŞƏRH
“Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qlobal geo-iqtisadi arxitekturanın köklü şəkildə dəyişdiyi, təchizat zəncirlərinin yenidən formalaşdığı bir mərhələdə iqtisadi məzmunu ilə yanaşı həm də müstəsna siyasi-hüquqi və əhəmiyyət kəsb edir. Daha sadə dildə desək, “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunmuş bu forum təkcə iqtisadi platforma deyil, eyni zamanda Azərbaycanın yeni beynəlxalq nizamda özünəməxsus geo-iqtisadi mövqeyini bəyan etməsi baxımından strateji xarakter daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, forumun “The European House – Ambrosetti” kimi nüfuzlu Avropa beyin mərkəzləri ilə tərəfdaşlıq şəraitində keçirilməsi onun intellektual çəkisini və beynəlxalq sistemdəki rezonansını daha da artırır:
“Prezident İlham Əliyevin forum iştirakçılarına unvanladığı müraciət də məhz bu zəmində tədbirin konseptual mahiyyətini və ölkənin gələcək iqtisadi strategiyasını dəqiqliklə ortaya qoyur. Dövlət başçısının da ifadə etdiyi kimi, Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional əməkdaşlıq, əlaqəlilik, ticarət və investisiyalar üçün tamamilə yeni imkanlar açır. Bu yanaşma siyasi-hüquqi kontekstdə post-münaqişə reallıqlarının beynəlxalq hüquqi və iqtisadi müstəvidə oturuşmasını təmin edir. Prezidentin müraciətində qeyd olunduğu kimi, Azərbaycanın təklif etdiyi investisiya modeli yalnız kapital cəlb etməklə məhdudlaşmır; burada əsas hədəf ölkəyə yüksək texnologiyalar, innovasiyalar, ixtisaslı iş yerləri və modernləşmə gətirən dayanıqlı tərəfdaşlıqlar qurmaqdır. Makroiqtisadi baxımdan aydındır ki, Prezident İlham Əliyevin məktubunda yer alan rəqəmlər, xüsusən 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil etmiəsi, qeyri-neft sənayesi 1,5 dəfə, ixrac isə təxminən iki dəfə yüksəlməsi, o cümlədəb 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-dəki payının 72 faizə çatması iqtisadiyyatın şaxələndirilməsi strategiyasının real uğuru olmaqla Azərbaycan iqtisadiyyatının qlobal qeyri-müəyyənliklərə qarşı nümayiş etdirdiyi yüksək dayanıqlığı aydın şəkildə sübut edir. Ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-in 110 faizini ötməsi, həmçinin “Fitch” və “Moody's” kimi beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə qaldırması dövlətin maliyyə dayanıqlığının və hüquqi-institusional sabitliyinin beynəlxalq miqyasda etirafıdır.
Geo-iqtisadi prizmadan yanaşdıqda, cənab Prezidentin də toxunduğu kimi, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat koridorlarının kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında mühüm bağlantı qapısına çevrilməsi, Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz və Avropaya bağlayan Orta Dəhliz, eləcə də TRIPP əlaqəlilik marşrutu kimi tanınan Zəngəzur dəhlizinin vəd etdiyi perspektivlər regional sənaye və ticarət əməkdaşlığı üçün yeni fürsətlər yaradır. Ələt Azad İqtisadi Zonası, sənaye parkları, yaşıl enerji dəhlizləri və işğaldan azad edilmiş ərazilərdəki geniş bərpa-quruculuq işləri xarici investorlar üçün zəmanətli və cəlbedici platforma rolunu oynayır. Bu mənada forumun təşkili Azərbaycanın təkcə regional güc mərkəzi deyil, qlobal investisiya və təhlükəsizlik sisteminin vazkeçilməz bir parçası olduğunu növbəti dəfə təsdiqləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB