SİA xəbər verir ki, Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu – “AIIF 2026” öz işinə başlayıb.
İki gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə təşkil olunur.
“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunan forumda dünyanın aparıcı investorları, dövlət qurumları, beynəlxalq maliyyə institutları, biznes liderləri və digər nüfuzlu nümayəndələr iştirak edir.
Tədbir çərçivəsində qlobal iqtisadi və geosiyasi proseslərin iqtisadi artım və investisiyalara təsiri, Azərbaycanın strateji mövqeyi, regional bağlantı və investisiya imkanları, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Forum yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və yeni iqtisadi imkanların yaradılması baxımından mühüm platforma kimi çıxış edir. Əsas məqsədlər sırasında konkret layihələr üzrə tərəfdaşlıqların qurulması və qarşılıqlı rifaha xidmət edən birgə fəaliyyət mexanizmlərinin formalaşdırılması yer alır.
Forum çərçivəsində Azərbaycan qurumları ilə xarici şirkət və tərəfdaşlar arasında əməkdaşlığa dair sənədlərin imzalanması və mübadiləsi də nəzərdə tutulur.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni investisiya istiqamətlərinin və əməkdaşlıq imkanlarının təşviqinə, Azərbaycanın regional iqtisadi bağlantılardakı rolunun genişlənməsinə və perspektivli layihələrin reallaşdırılmasına töhfə verəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB