Sentyabrın 25-də Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir.
SİA xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.
Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.
Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirib. Plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar barədə fikir mübadiləsi aparılacaq. Müzakirələrdə Azərbaycanın etibarlı enerji tərəfdaşı və tranzit qovşağı kimi formalaşmış mövqeyindən sənaye istehsalı, investisiya və regional dəyər zəncirlərinin inkişafını dəstəkləyən daha geniş iqtisadi platformaya çevrilməsi xüsusi diqqət mərkəzində olacaq.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platformadır. Beynəlxalq tədbir çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpaolunan enerji, aqrar, su resursları, idman sahələrini əhatə edən mühüm sənədlərin imzalanması gözlənilir.
Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, yeni nəqliyyat və enerji marşrutlarının yaranması, texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin artması investisiya gündəliyinə də yeni yanaşmalar gətirir. Bu şəraitdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi onun regional və qlobal bağlantılarda rolunu daha da artırır.
Forum nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil edilib. Forumun strateji tərəfdaşı olan “The European House – Ambrosetti & TEHA Group” Avropanın aparıcı beyin mərkəzlərindəndir və iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik üzrə analitik araşdırmaları ilə tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB