“Elektrik enerjisi üzrə də ölkənin kifayət qədər güclü generasiya potensialı formalaşıb” -EKSPERT DANIŞDI

“Elektrik enerjisi üzrə də ölkənin kifayət qədər güclü generasiya potensialı formalaşıb” -EKSPERT DANIŞDI

“Ölkə iqtisadiyyatında yeni sənaye mərhələsinin formalaşması baxımından dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər Dövlət Proqramının qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, 22 Sentyabrda keçirilən müşavirədə proqramın əsas istiqamətləri açıqlanarkən qarşıya qoyulan əsas hədəflər göstərdi ki, söhbət yalnız yeni yataqların istismarından deyil, bütövlükdə ölkəmizdə yeni sənaye və istehsal zəncirinin yaradılmasını da əhatə edir:

”İqtisadi baxımdan proqramın ən vacib tərəfi ölkəmizin xammal ixrac edən ölkədən daha yüksək əlavə dəyər yaradan istehsalçı ölkəyə çevrilməsi üçün yeni imkanlar formalaşdırmasıdır. Dövlət proqramının 2027–2030-cu illər ərzində, yəni cəmi 3 il müddətində həyata keçirilməsi nəzərdə tutulur. İlkin hesablamalara əsasən, 7 mindən çox daimi iş yerinin yaradılması və layihələrin illik müsbət maliyyə təsirinin 1,5 milyard manatdan artıq olması gözlənilir.
Qeyd olunan rəqəmlər yalnız məşğulluq və büdcə gəlirləri baxımından nəzərdən keçirilməlidir.Dağ-mədən layihələrinin arxasında nəqliyyat, logistika, enerji, tikinti, xidmət, mühəndislik və digər sahələrdə əlavə iqtisadi fəallıq yaranır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda mədən sənayesinin inkişafı həmin ərazilərin iqtisadi reinteqrasiyasına və məşğulluğun genişlənməsinə təkan verə bilər.Neftdənkənar iqtisadiyyat üçün yeni artım mənbəyi və bu sahənin inkişafına qaldıqda isə
Hazırda Ölkəmizin qarşısında duran əsas iqtisadi məsələlərdən biri neft hasilatındakı təbii azalma fonunda iqtisadi artımın yeni mənbələrinin gücləndirilməsidir. Prezident İlham Əliyevin sentyabrın 22-dəki çıxışında qeyd etdiyi kimi, 2026-cı ilin ilk səkkiz ayında ümumi iqtisadi artım 1,2 faiz, qeyri-neft sektorunda artım isə 5,4 faiz olub. Prezident bu fərqi əsasən “Azəri-Çıraq-Günəşli” yatağında hasilatın uzunmüddətli istismar nəticəsində azalması ilə əlaqələndirib. Burada əsas məsələ ondan ibarətdir ki, qeyri-neft sektorunun artımının uzunmüddətli xarakter alması üçün yalnız xidmət və ticarət sahələrinin genişlənməsi kifayət deyil. İstehsal, xüsusilə də yüksək kapital tutumlu sənaye sahələri də iqtisadiyyatın strukturunda daha böyük paya malik olmalıdır. Dağ-mədən və metallurgiya sənayesi məhz bu baxımdan diqqət çəkir. Çünki burada söhbət yalnız filizin çıxarılmasından getmir. Əsas məqsəd xammalın hasilatından zənginləşdirməyə, emaldan hazır məhsula qədər uzanan tam istehsal zəncirinin yaradılmasıdır.
Əgər ölkə öz yataqlarından çıxardığı filizi xammal kimi xaricə satmaq əvəzinə onu daxildə emal edib daha yüksək əlavə dəyərə malik məhsula çevirə bilsə, əldə edilən iqtisadi gəlir dəfələrlə arta bilər.
20 ildən artıq müddətdə yaradılan infrastruktur indi isə yeni sənaye sahələrinə xidmət etməlidir
Son 20-25 ilə nəzər salsaq regionların sosial-iqtisadi inkişafı çərçivəsində həyata keçirilən infrastruktur layihələri də yeni sənaye siyasəti üçün mühüm baza formalaşdırıb. Yol, dəmir yolu, hava limanı, enerji və sosial infrastrukturun yaradılması yalnız əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə məhdudlaşmır. Bu infrastruktur gələcəkdə istehsal müəssisələrinin fəaliyyətini də asanlaşdırır və beləliklə də məşğulluğun artması ,işsizlik səviyyəsinin aşağı enməsinə də müsbət təsir göstərir.
Enerji təhlükəsizliyinin bu sahə üzrə vacib xüsusiyyətlərindən də danışmaq istərdim : Prezidentin müşavirədə qeyd etdiyi məlumatlara görə, hazırda Azərbaycanın qazlaşma səviyyəsi 96 faizə çatıb və ölkə ildə 25 milyard kubmetrdən çox qaz ixrac edir. Elektrik enerjisi üzrə də ölkənin kifayət qədər güclü generasiya potensialı formalaşıb.
Bu gün yaradılmış infrastrukturun növbəti mərhələdə sənaye istehsalına xidmət etməsi iqtisadi siyasətin məntiqi davamıdır. Başqa sözlə desək,əvvəlcə iqtisadiyyat üçün baza yaradılıbsa, indi həmin bazanın üzərində daha çox əlavə dəyər yaradan istehsal qurulmalıdır.
Nə üçün dağ-mədən sənayesi uzun müddət potensialından tam istifadə edə bilmədi sualının cavabı isə açıq aydın məlumdur.
Ölkəmizin dağ-mədən potensialının uzun müddət məhdud istifadə olunmasının səbəblərindən biri də yataqların əhəmiyyətli hissəsinin işğal altında olan ərazilərdə yerləşməsi idi. Prezidentin çıxışında da vurğulandığı kimi, sovet dövründə müəyyən edilmiş bir sıra yataqlar sonrakı illərdə ölkəmizin nəzarətindən kənarda qaldı.İşğal dövründə təbii resursların istifadəsi məsələsi yalnız iqtisadi deyil, həm də ekoloji problemə çevrilmişdi Ölkəmiz tərəfindən açıqlanmış statistik məlumatlara əsasən Kəlbəcər, Laçın və Zəngilan ərazilərində 60 min hektardan çox meşə fondu ilə bağlı ciddi itkilər baş verib. 2020-ci ildə Kəlbəcər və Laçının boşaldılması prosesində meşələrin yandırılması barədə də dövlət rəsmiləri dəfələrlə məlumat veriblər.Bu görüntülər işğaldan azad edilmiş ərazilərdə təbii sərvətlərin bərpası və onların bundan sonra necə idarə olunacağı məsələsini daha da aktuallaşdırır.Meşə ilə yanaşı, mədənlər də işğalın iqtisadi izlərini daşıyır.Belə ki,
İşğal dövrünün iqtisadi nəticələrindən danışarkən yalnız dağıdılmış yaşayış məntəqələri və infrastruktur deyil, təbii sərvətlərin istismarı da ayrıca qiymətləndirilməlidir.
2022-ci ilin dekabrında başlayan Laçın–Xankəndi yolundakı ekofəalların aksiyası da məhz Qarabağdakı mineral yataqların istismarı məsələsini gündəmə gətirmişdi. Aksiyada xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının istismarı ilə bağlı monitorinq və fəaliyyətin dayandırılması tələbləri səsləndirilirdi. Aksiya 2023-cü ilin yazına qədər davam etmişdi.Bu hadisə göstərdi ki, Qarabağın təbii sərvətləri məsələsi yalnız Azərbaycan daxilində deyil, beynəlxalq ictimaiyyətin də diqqətində olan mövzulardan biridir.
Vejnəli yatağı və Vartan Sirmakes məsələsi
İşğal dövründə ayrı-ayrı şirkət və biznes qruplarının Azərbaycanın təbii sərvətlərindən istifadə etməsi ilə bağlı sənədləşdirilmiş nümunələr də mövcuddur.
Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatların sənədlərinə dair hazırladığı materiallarda qeyd olunur ki, 2014-cü ilin oktyabrında “Gold Star” şirkəti Zəngilan rayonunun Vejnəli kəndi yaxınlığındakı qızıl yatağının istismarına başlayıb. Həmin materialda layihənin maliyyələşdirilməsində İsveçrə vətəndaşı Vartan Sirmakesin iştirak etdiyi bildirilir.
Azərbaycan Baş Prokurorluğu isə 2015-ci ildə Sirmakeslə bağlı araşdırma aparıldığını və Vejnəli qızıl mədəninin açılışında Azərbaycanın icazəsi olmadan iştirak etdiyinə görə cinayət işi başlanıldığını açıqlamışdı.
Sirmakesin “Franck Muller” saat brendi ilə əlaqəsi də müxtəlif mənbələrdə qeyd olunur. Məsələn, Eurasianet onu Franck Muller-in həmtəsisçisi və Qarabağda qızıl hasilatı ilə əlaqəli şirkətlərin səhmdarı kimi təqdim edib.
Burada iqtisadi baxımdan diqqətçəkən məsələ konkret bir şəxsin adı deyil. Əsas məsələ Azərbaycanın ərazisində yerləşən təbii sərvətlərin ölkə iqtisadiyyatına deyil, işğal şəraitində fəaliyyət göstərən şirkət və biznes qruplarına gəlir yaratmasıdır.
Bu baxımdan Vejnəli nümunəsi təbii sərvətlərin qanuni və şəffaf idarə olunmasının nə qədər əhəmiyyətli olduğunu göstərən konkret iqtisadi hadisə kimi qiymətləndirilə bilər.
İndi isə tamamilə fərqli iqtisadi model qurulur.İşğal dövründə yataqların istifadəsi ilə bağlı ortaya çıxan mənzərənin əksinə olaraq, hazırda həmin ərazilərdə dövlət nəzarəti altında yeni iqtisadi model formalaşdırılır.
Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqlarının işlənməsi, digər ərazilərdə geoloji kəşfiyyatın genişləndirilməsi nəzərdə tutulur. Naxçıvanda da gələn ildən geoloji kəşfiyyat işlərinin başlanması planlaşdırılır. Bu prosesdə həm dövlət şirkəti “AzerGold”, həm də özəl sektorun iştirakı nəzərdə tutulur.
Burada ən vacib prinsip isə əvvəlki illərdən fərqli olaraq “xammalı çıxar və sat” modelindən uzaqlaşmaqdır.
Yataqdan filiz çıxarmaq ilk mərhələdir. Əgər həmin filiz xaricə xammal kimi satılırsa, əlavə dəyərin əhəmiyyətli hissəsi başqa ölkədə yaranır. Halbuki zənginləşdirmə, emal, metallurgiya və hazır məhsul istehsalı ölkəmizd qurularsa, həm məşğulluq, həm vergi gəlirləri, həm də ixrac imkanları genişlənir.Müşavirədə qeyd olunan
Qərb Sənaye Parkı və “Daşkəsən” xətti məsələsinə gəldikdə isə:
Bu baxımdan Qərb Sənaye Parkının yaradılması da xüsusi əhəmiyyət daşıyır. “Daşkəsən” filiz yatağı və onun ətrafında formalaşdırılması nəzərdə tutulan layihələr hasilatdan zənginləşdirməyə, pelet istehsalından briketlənmiş dəmir istehsalına qədər uzanan sənaye zəncirinin yaradılmasına hesablanır.
Bu yanaşma iqtisadi baxımdan daha çox gəlir əldə etməkdən əlavə, Ölkənin sənaye strukturunu da dəyişə bilər. Çünki metallurgiya inkişaf etdikcə onun ətrafında maşınqayırma, logistika, tikinti, texniki xidmət və digər sahələrin də inkişafı üçün bazar yaranır.
Eyni zamanda, Cənab Prezidentin çıxışında ekoloji məsələlərə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Mədən sənayesinin genişləndirilməsi təbiətin qorunması ilə paralel aparılmalıdır. Çünki uzunmüddətli iqtisadi inkişaf yalnız hasilat həcmi ilə ölçülə bilməz. Ətraf mühitə vurulan zərərin gələcəkdə iqtisadi və sosial xərclərə çevrilməməsi də vacibdir.
“Filizçay” Azərbaycanın növbəti böyük sənaye layihələrindən birinə çevrilə bilər
Balakəndəki “Filizçay” polimetal yatağı da bu strategiyanın mühüm istiqamətlərindən biridir. Yatağın istismara hazırlanması üzrə işlər aparılır və növbəti mərhələdə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və investisiya qərarının qəbul edilməsi gözlənilir.
Burada əsas məsələ yatağın sadəcə hasilata verilməsi deyil, onun ətrafında bütöv sənaye zəncirinin qurulmasıdır. Dövlətin layihədə əsas mövqeyini saxlaması, zərurət yarandıqda sonrakı mərhələdə xarici kapitalın cəlb edilməsi investisiya modelinin alternativlərindən biri kimi nəzərdən keçirilə bilər.
Alüminiumda da hədəf yalnız xammal deyil, hazır məhsuldur
Metallurgiya sənayesinin digər mühüm istiqaməti alüminium istehsalıdır. Dövlət proqramı çərçivəsində 2030-cu ilin sonuna qədər alüminium istehsalının 100 min tona çatdırılması hədəfi açıqlanıb. Eyni zamanda bir neçə yeni müəssisənin yaradılması nəzərdə tutulur.
Bu istiqamətdə daha əvvəl açıqlanan planlara əsasən, “Azəralüminium”un ilkin alüminium istehsal gücünün 50 min tondan 100 min tona çatdırılması, yayma məhsullarının istehsal gücünün isə 50 min tona qədər artırılması planlaşdırılır.
Demək məqsəd yalnız metal istehsal etmək deyil. İstehsal zəncirini genişləndirərək daha yüksək əlavə dəyərli məhsulların ixracına keçməkdir.
Əsas məsələyə aydınlıq gətirsək milyard manatlıq təsir necə formalaşacaq və ya iqtisadiyyata hansı şəkildə təzahür edəcəyi ilə bağlıdır
Dövlət proqramının gözlənilən illik müsbət maliyyə təsirinin 1 milyard manatdan artıq olması kifayət qədər böyük göstərici hesab olunur. Lakin bu rəqəmi yalnız dövlət büdcəsinə daxil olacaq vəsait kimi başa düşülməməlidir.
Bu məbləğin arxasında vergi daxilolmaları, ixrac gəlirləri, yeni müəssisələrin yaratdığı əlavə dəyər, məşğulluq, yerli şirkətlərin sifarişləri və digər iqtisadi effektlər dayanır. Yəni layihələrin multiplikativ təsiri nəzərə alınmalıdır.
Məhz buna görə dağ-mədən və metallurgiya sənayesinin inkişafını yalnız bir neçə yatağın istismara verilməsi kimi qiymətləndirmək doğru deyil. Əsl hədəf Azərbaycanın yeni sənaye ekosisteminin formalaşdırılmasıdır.
İşğalın iqtisadi mirasından yeni iqtisadi gələcəyə doğru addımlayırıq
Qarabağın mineral ehtiyatları uzun illər Azərbaycan iqtisadiyyatına xidmət edə bilmədi. Bir tərəfdən yataqlar işğal altında qaldı, digər tərəfdən həmin ərazilərdə təbii sərvətlərin istismarı və ekoloji nəticələri ilə bağlı ciddi problemlər yarandı.
Bu gün isə artıq biz qələbə qazanmışıq və vəziyyət tamamilə dəyişib. Əsas məsələ artıq həmin sərvətlərin kimin nəzarətində olması deyil, onların Ölkəmizin uzunmüddətli iqtisadi inkişafına necə çevriləcəyidir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə