ABŞ dollarının zəifləməsi qlobal valyuta bazarında ciddi dəyişiklik yarada bilər? - İQTİSADÇI AÇIQLADI

ABŞ dollarının zəifləməsi qlobal valyuta bazarında ciddi dəyişiklik yarada bilər? - İQTİSADÇI AÇIQLADI

“ABŞ valyutasının zəifləməsi ilə bağlı mütəmadi olaraq məlumatları müşahidə edir, oxuyuruq. Amma indiki halda qlobal iqtisadiyyat, eləcə də ABŞ iqtisadiyyatındakı vəziyyət onu deməyə əsas verir ki, praktik olaraq ABŞ dollarının digər valyutalara nisbətən ciddi zəifləmə riski yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, eyni zamanda, nəzərə almaq lazımdır ki, qlobal ticarətdə əsas valyuta yenə də ABŞ dollarıdır:

“Əgər əsas valyutalardan biri olan avronun ABŞ dollarına nisbətinə diqqət etsək, bir ay öncə bir avro almaq üçün 1 dollar 17 sent ödəmək lazım idisə, hazırda bir avro almaq üçün 1 dollar 15 sent ödəmək lazımdır. Bu da onu göstərir ki, dollar praktik olaraq avroya nisbətən möhkəmlənir.

O baxımdan, hazırda həm qlobal ticarətdə, həm birjalarda, həm də ödənişlərdə valyuta strukturuna diqqət etsək, 57 faiz dollarla, 20 faiz avro ilə, 6 faiz Yaponiya yenilə, 5 faiz Böyük Britaniya funt sterlinqi ilə, qalan hissə isə digər valyutalarla ifadə olunur. Bunların arasında Kanada dolları və Çin yuanı da var.

Ona görə də hazırda valyuta səbətində və qlobal valyuta bazarında ciddi dəyişikliklər gözlənilmir. Azərbaycan Dövlət Neft Fondunun valyuta strukturu da bu baxımdan riskləri minimuma endirmək imkanı verir.

Düşünürəm ki, hazırda Dövlət Neft Fondunun mövcud valyuta strukturu risklərin minimallaşdırılması baxımından optimal strukturdur. Hələlik qlobal valyuta bazarında valyuta strukturunun dəyişməsi ilə bağlı ciddi çağırışlar yoxdur”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə