"AMB-nin BOKT-larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir"

"AMB-nin BOKT-larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir"

"Düşünürəm ki, Azərbaycanda tətbiq olunan iqtisadi modelin yaratdığı müəyyən çətinliklər fonunda Azərbaycan Mərkəzi Bankı öz funksiyalarını kifayət qədər yüksək səviyyədə icra edir. Xüsusilə maliyyə sektorunda sabitliyin qorunması, bankların və bank olmayan kredit təşkilatlarının risklərdən müdafiəsi istiqamətində görülən işlər mühüm əhəmiyyət daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın son dövrdə BOKT-ların fəaliyyətinə nəzarəti gücləndirməsi və yeni normativ tələblər tətbiq etməsi maliyyə bazarının sağlamlaşdırılması baxımından kifayət qədər müsbət addımdır: "Burada məqsəd kreditləşməni məhdudlaşdırmaq deyil, kreditin daha məsuliyyətli, dayanıqlı və borcalanın real maliyyə imkanlarına uyğun şəkildə verilməsini təmin etməkdir.

Burada Mərkəzi Bankla BOKT-ların funksiyalarını bir-birindən ayırmaq vacibdir. Bir çox hallarda vətəndaşlar bunu qarşıdırır. Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə sektorunu tənzimləyən və nəzarət edən qurumdur, BOKT-lar isə vətəndaşlara və sahibkarlıq subyektlərinə kredit verən bank olmayan kredit təşkilatlarıdır. Yəni AMB kredit verən tərəf deyil, kredit bazarının qaydalarını müəyyən edən və həmin qaydalara əməl olunmasına nəzarət edən tənzimləyicidir.

Yeni tələblər BOKT-ların borcalanın gəlirlərini, mövcud kredit öhdəliklərini və ödəmə qabiliyyətini daha ciddi qiymətləndirməsinə səbəb olacaq. Bu, bir tərəfdən BOKT-ların risklərini daha düzgün idarə etməsinə, problemli kreditlərin artmasının qarşısının alınmasına, digər tərəfdən isə vətəndaşların öz maliyyə imkanlarından artıq borclanmasının məhdudlaşdırılmasına xidmət edir.

Əslində, vətəndaşa istədiyi məbləğdə kreditin asanlıqla verilməsi həmişə yaxşı xidmət demək deyil. Əgər insanın real gəliri götürdüyü krediti qaytarmağa imkan vermirsə, bu gün verilən kredit sabah onun üçün ciddi maliyyə probleminə çevrilə bilər. Bu baxımdan AMB-nin daha ciddi risk qiymətləndirməsinə yönəlmiş siyasəti vətəndaşların gələcək maliyyə təhlükəsizliyinin qorunması baxımından da müsbətdir.

Eyni zamanda, tənzimləmənin kreditə çıxışı tamamilə məhdudlaşdırması da düzgün olmaz. Ödəmə qabiliyyəti olan vətəndaş üçün maliyyə resursları əlçatan qalmalıdır. Sağlam maliyyə bazarı sadəcə çox kredit verilən bazar deyil. Sağlam bazar o bazardır ki, kredit həm əlçatan olsun, həm də borcalanın real gəliri və ödəmə qabiliyyəti ilə uzlaşsın.

Mən hesab edirəm ki, AMB burada çox vacib bir balans yaradır: bir tərəfdən bankların və BOKT-ların həddindən artıq risk götürməsinin qarşısını alır, onların maliyyə dayanıqlığını qoruyur, digər tərəfdən isə vətəndaşların gələcəkdə ödəyə bilməyəcəyi borc öhdəliklərinə daxil olmasının qarşısını alır. Bu yanaşma yalnız maliyyə sektorunun deyil, bütövlükdə iqtisadi sistemin dayanıqlığı üçün əhəmiyyətlidir.

Qısamüddətli perspektivdə bəzi vətəndaşların kredit əldə etməsi əvvəlkindən daha çətin ola bilər. Amma uzunmüddətli baxımdan məqsəd daha çox kredit vermək deyil, daha sağlam və məsuliyyətli kredit verməkdir. Məncə, hazırkı şəraitdə AMB-nin riskləri qabaqlayan, həm maliyyə institutlarını, həm də vətəndaşları qoruyan yanaşması düzgün istiqamətdir və bu siyasət uzunmüddətli perspektivdə daha dayanıqlı kredit bazarının formalaşmasına xidmət edəcək".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə