Filippində bərədə yanğın: 5 ölü, onlarla insan itkin düşüb

Filippində bərədə yanğın: 5 ölü, onlarla insan itkin düşüb

Filippinin Palavan vilayətində məşhur turizm məntəqəsi yaxınlığında bərədə baş verən yanğın nəticəsində ən azı 5 nəfər ölüb, 87 nəfər itkin düşüb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Filippin Sahil Mühafizəsinin məlumatına görə, hadisə çərşənbə axşamı axşam saatlarında Palavanın Koron şəhərindən təxminən 2.2 km aralıda, M/V "June Aster" bərəsində baş verib.

Bərənin manifestinə görə göyərtədə ümumilikdə 117 sərnişin və 17 ekipaj üzvü olub - cəmi 134 nəfər. Hazırda 42-43 nəfərin xilas edildiyi bildirilir, onlardan 38-i sərnişin, 4-ü ekipaj üzvüdür. Xilas edilənlər arasında 2 Çili vətəndaşı da var.

Sahil Mühafizəsinin sözçüsü kapitan Noemi Kayabyab bildirib ki, "hal-hazırda xilas edilənlər və ölənlərin sayına əsasən, 87 nəfər haqqında məlumat yoxdur". O, rəqəmlərin "canlı" olduğunu və axtarış-xilasetmə əməliyyatı davam etdikcə dəyişə biləcəyini vurğulayıb.

Bərə Manila şəhərinin Baseco limanından Palavanın Koron adasına gedirmiş. Koron dalğıcılıq və adalar arası turları ilə tanınan məşhur turizm bölgəsidir.

Sahil Mühafizəsi əraziyə çoxsaylı gəmi və təyyarə göndərib. Lakin bərədən hələ də qalın tüstü qalxdığı və partlayış təhlükəsi olduğu üçün xilasetmə qrupları gəmiyə girə bilmirlər. Drone görüntülərində yanmış bərənin ətrafında tüstünün qalxdığı görünür.

Yanğının səbəbi araşdırılır. 7600-dən çox adadan ibarət Filippində bərə ilə səyahət əsas nəqliyyat növüdür və milyonlarla insan adalar arasında gediş-gəliş üçün bərələrdən istifadə edir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə