Kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların alınmasına tətbiq olunan güzəşt mexanizmlərinə dəyişiklik edilib. SİA xəbər verir ki, taxıl, pambıqyığan, yemyığan və yempaylayan kombaynlar, lazer hamarlayıcılar, soyuducu anbarlar, taxıl siloları, suvarma hovuzları üçün membranlar və aqrar istehsalda istifadə edilən günəş panelləri üzrə güzəşt tətbiq edilən hissə 50 faizədək artırılır.
Yerli istehsal damcı suvarma sistemlərində güzəşt tətbiq edilən hissə 60 faiz, xarici istehsal sistemlərdə isə 50 faiz olacaq. Kiçik şərabçılıq müəssisələrinin yaradılması üçün avadanlıqlar üzrə güzəşt 60 faiz, istixanalarda istifadə olunan texnoloji avadanlıqlar, habelə yerli istehsal metal konstruksiya və şüşələr üzrə güzəşt 20 faiz həddində müəyyən edilib.
Qeyd edək ki, Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB